Sumqayıtda bacısını baltalayan qadınla bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində serebrial-iflicdən əziyyət çəkən, hərəkət məhdudiyyətli bacısını baltalayaraq öldürməyə cəhd edən 1960-cı il təvəllüdlü Kifayət Nurməmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. İttihama görə, K.Nurməmmədova xəstə bacısı, 48 yaşlı Aygün Nurməmmədovanı mülkə görə baltalayıb. Belə ki, K.Nurməmmədova bacısının qardaşı Elşadın evinə köçmək qərarına etiraz edib. O, ağır xəstəlikdən əziyyət çəkən bacısının evini qardaşının adına keçirəcəyini düşünüb. K.Məmmədova uzun illərdir bacısına özünün baxdığını deyib. Hadisə də onun qardaşı Elşad mağazaya gedəndə baş verib. Evdə bacısı ilə baş-başa qalan Kifayət mətbəxdən balta götürərək onun başına zərbələr endirib. Hadisədən az sonra Elşad mağazadan gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, dərhal polisə məlumat verib. Polislərin gəlişindən sonra Kifayət qapını açıb və onun bacısını baltalaması məlum olub. Dərhal xəstəxanaya çatdırılan A.Nurməmmədovanın həyatı xilas edilib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib./pravda.az