Stopnarkotik.az-dan dəstək istəyən xanımın 19 yaşlı övladı Narkoloji Mərkəzə yerləşdirildi - YENİLƏNİB

Fevralın 27-də Stopnarkotik.az saytında “Övladı 13 yaşından narkotik aludəçisinə çevrilən anadan rəsmi qurumlara müraciət” sərlövhəli yazı dərc etmişdik. Ağstafa rayon sakini Süleymanova Aygün Konfrans qızı saytımızda bildirmişdi ki, 13 yaşından narkotik aludəçisi olan və hazırda 19 yaşı olan övladı Quliyev Eldəniz Elçin oğlu narkotik asılılığından xilas olmaq istəsə də, onu Respublika Narkoloji Mərkəzinə qəbul etməyiblər. Məsələ ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq. Nəticədə E.Quliyevin Respublika Narkoloji Mərkəzində müalicə almasına şərait yaradıldı.

Məlumat üçün onu da bildirək ki, dünən günün birinci yarısında A.Süleymanova övladının müalicədən imitna etdiyini, böyük ehtimalla əhatəsində olan şəxslərdən xilas ola bilmədiyini bildirmişdi. Lakin günorta saatlarında yenidən saytımızla əlaqə yaradan Ağstafa sakini bildirdi ki, artıq övladını Bakıda yaşadığı yerdə tapıb və onu Narkoloji Mərkəzdə müalicə almağa razı salıb. Bundan sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının dəstəyi ilə Eldəniz Quliyev mərkəzə yerləşdirildi və artıq dünəndən etibarən müalicəsinə başlanılıb.

İnanırıq ki, E.Quliyev 21 günlük müalicə müddətini uğurla başa çatdıracaq və təkrar narktoik vasitələrin qəbuluna başlamayacaq.

***

**

Eldəniz Quliyev

Qeyd edək ki, istər Eldəniz Quliyevin, istər də analoji problemlə qarşılaşan digər vətəndaşların düzgün istiqamətləndirilməsi üçün Stopnarkotik.az Komissiyanın yetkili əməkdaşının mövqeyini də öyrənib: "Bizim tərəfimizdən hər il 500 nəfərə yaxın şəxs könüllü olaraq müalicəyə cəlb olunur. Amma burada könüllülük prinsipi nəzərə alınır. Qanunvericiliyə görə, əgər şəxs birbaşa müalicə istəmirsə, onun barəsində məcburi müalicə tətbiq edilməlidir, o da məhkəmə qərarı əsasında olmalıdır. Yəni şəxs bizə könüllülük prinsipi əsasında yaxınlaşmalıdır. Qanunvericilik bunu tələb edir ki, valideynin razılığı olsa da, yenə də övladı yetkinlik yaşına çatıbsa, onun şifahi razılığı olmalıdır.

Hətta bizə o qədər müraciətlər olur ki, proses növbəlilik əsasında aparılır. Keçən il bizm “qaynar xətt”ə 1170 müraciət olub. Onun 503 nəfəri sırf narkotik asılılığı ilə bağlı olub və faktiki olaraq, yönləndirmişik. Digərləri isə sırf narkotikdən könüllü müalicə almaq istəyən, narkotikdən əziyyət çəkən ailələr olur. Eyni zamanda, haradasa 198 müraciət də sırf narkotiklərin qanunsuz satışı ilə bağlı olmuşdur ki, faktiki olaraq vətəndaşlar bizə etimad göstəriblər. Çox sağ olsunlar.

Bizə etimad göstərən vətəndaşların anonimliyi, təhlükəsizliyi qorunmaq şərtilə, onlar tərəfindən bildirilən narkotiklərin qanunsuz satışı ilə bağlı müraciətlərin də faktiki olaraq hardasa 90 faizi təsdiqini tapıb".

**

Ailə üzvləri ilə birlikdə

"Əgər valideyn istəyirsə ki, zorla da olsa övladı müalicə olunsun, nə etməlidir?" sualına cavab olaraq isə bildirildi ki, həmin valideyn müvafiq sənədləri toplayıb, yaşadığı yerdə aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir: "Əgər asılı şəxs narkoloji mərkəzdə qeydiyyatdadırsa (indi müraciət edən valideyn məlumat verdi ki, onun övladı narkoloji mərkəzdə qeydiyyatda olub), oradan arayış götürüb, bu arayış əsasında məhkəmə instansiyasına müraciət edir və məhkəmə qərar çıxarır ki, bu şəxsin barəsində məcburi müalicə tətbiq edilsin. Amma valideyn şübhələnibsə ki, onu övladı narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qoşulub, haradasa onun kuryerlik etmək ehtimalı varsa, bizə desin, onunla bağlı aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yönləndirək, onun ətrafında hüquqi əməliyyat tədbirləri qurulsun, fakt təsdiqini taparsa, onun barəsində məcburi müalicə tətbiq edilsin. Biz demirik ki, valideyn övladı üçün ittihamlar səsləndirsin, iddia səsləndirsin. Bunun iki yolu var: ya valideyn yaşayış yeri üzrə müraciət etməlidir, ya da ehtimal olaraq onun barəsində daha geniş araşdırma təyin edilir.

Dediyim kimi, 198 müraciət olub ki, onun haradasa 172-si öz təsdiqini tapıb, məlumat verənlərin anonimliyi qorunmaq şərti ilə. Məsələn, bu yaxınlarda Ağstafa rayonundan vətəndaş bizə məlumat vermişdi ki, bir şəxs narkotik satışı ilə məşğuldur, idarə etdiyi maşın da budur. Onun maşınından külli miqdarda narkotik vasitə götürüldü. Yəni elə faktlarımız çoxdur”.

Cari ilin 4 ayı ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz  dövriyyəsinə qarşı 3992 cinayət faktı aşkarlanıb - AZƏRTAC

"Əgər valideyn şübhələnirsə ki, onun övladına məcburi kuryerlik etdiriblər, nə etmək olar?"  sualına isə, müsahibimiz belə cavab verdi: “Elədirsə, biz valideynlə əlaqə saxlayaq, daha geniş məlumat götürək. Əgər valideyn bu adamı tapa, onu könüllü müalicəyə cəlb edə bilmirsə, eyni zamanda məcburi müalicəylə bağlı prosedur qaydalarından keçmək istəmirsə, kiməsə məcburi kuryerlik etdirirlərsə, amma ən əsası ehtimal varsa ki, bu şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, onda ən böyük ehtimalı götürmək lazımdır. Biz valideynlə yenidən əlaqə saxlayarıq. İstənilən halda ananın övladı barəsində məlumat verməsi ilə bağlı heç informasiya açıqlanmayacaq, anonimlik qorunacaq. Bu halda hüquq-mühafizə orqanı da bizə onunla bağlı heç bir sorğu göndərmir. Bəzi hallarda göstərilir ki, şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin genişləndirilməsi üçün daha geniş məlumata ehtiyacımız var. Ya birbaşa özünüz şəxslə əlaqə saxlayın, ya da bəzi hallarda vətəndaş təşəbbüsü olur. Sağ olsunlar, KİV-lərin də rolu böyükdür. TV kanalların da rolu böyükdür. Bizim videoroliklərimiz daimi olaraq yayımlanır. Keçən il bizim videoroliklərimiz haradasa 27 min dəfə yayımlanıb. Hər il SMS maarifləndirmə keçiririk. Metro stansiyalarında, keçidlərdə banerlərimiz var. Avtobus dayanacaqlarında, avtobuslardakı monitorlarda, metrostansiyalardakı monitorlarda videoroliklərimiz yayımlanır ki, vətəndaşlar oradan nömrələri götürüb əlaqə saxlasınlar".

Bakının mərkəzində “Narkoman ocağı” Plasmas və aluminium satıb, narkotik  alıram - REAL FOTOREPORTAJ

Bəs narkotik istifadəçisi “bariqa” tərəfindən qurban kimi məcburi kuryerliyə vadar edilirsə, onu nə gözləyir? Bu suala qurum əməkdaşı belə cavab verdi: “Biz ehtimallarla danışırıq. Sizin də təcrübəniz var ki, bunlar narkotik asılılarının dilindən səslənən ifadələrdir. Gəlin, bunu geniş formada, arqumentlərlə danışaq. Ancaq bu bizim istəyimizlə olan deyil. Faktiki olaraq o şəxs bizə bildirsin ki, məsələ belədir, həm istifadəçidir, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur.

Bu il ərzində hüquq-mühafizə orqanları tərəfindən 234.1.1 ilə bağlı humanistlik prinsipi ilə yanaşı, məcburi müalicə də tətbiq edilir. Amma bəzi hallarda da valideyn aludəçi övladının öhdəsindən gələ bilmir, o, valideynə əlavə problemlər yaradır. Gərək bunlar olmasın. Elə olmalıdır ki, qərəzlilik olmasın. Düzdür, valideyn bizə deyir ki, gəlib məni təhqir edib. Bu halda biz valideynə mütləq bildiririk ki, bizim müraciətimiz gedib hüquqi ünvana çatana qədər bir-iki gün çəkə bilər. Biz istiqamətləndiririk ki, sizə şiddət göstəriləndə istənilən halda 102 xidmətinə müraciət edin. Amma gəlin ehtimalımızı belə götürək ki, həm şəxs istifadəçidir, həm də ehtimal var ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir. Amma əsas ifadələr valideyn dilindən alınmalıdır. Onu rəsmiləşdirib göndərməliyik. Bundan sonra bir həftə, 10 gün müddətində məsələ ilə məşğul olacaqlar. Biz vətəndaş müraciətinə bu şəkildə yanaşırıq. Bu mövcud qanunvericilikdir.

Bizim 802 “qaynar xətti”miz açıqdır. Həftənin 6 günü ərzində saat 9.00-dan 17.30-a qədər fəaliyyət göstərir. Vətəndaş məmnunuluğunu, həm də müraciətlərin çoxluğunu nəzərə alaraq, şənbə günü saat 10-dan 17.30-a qədər növbəlilik əsasında əməkdaşlarımız işə çıxır”.

Hazırladı: Asya ŞÜKÜROVA

Stopnarkotik.az