“Azərbaycanda narkomaniya ən çox gənclər arasında yayılıb” – BİRLİK SƏDRİ

Büllür Məmmədova: “Yeniyetmə və gəncləri narkotikdən yalnız maarifləndirmə yolu ilə qorumaq mümkündür

“Narkotik istifadəçilərinin yarı faizindən çoxu maarifsizliyin, bilgisizliyin qurbanı olaraq bu bəlaya qurşanırlar”

Azərbaycanda narkomaniya pandemiyadan sonra daha çox yayılmağa başlayıb. Bunun səbəblərindən biri də odur ki, biz 44 günlük Vətən Müharibəsində zəfər çaldıq, artıq qalib dövlətik. Bu, bizi sevməyən, bizi istəməyən dövlətlərin paxıllıq hissləridir, onlar genefondumuzun, gələcəyimizin məhv olmasını istəyirlər. Bu yöndə də fəaliyyətlərini aparırlar ki, bizim gəncliyimiz narkomaniyaya qurşansın, narkotik istifadəçisi olsun. Bir sözlə, məqsədləri odur ki, bizim sağlam gələcəyimiz olmasın.

Bunu Stopnarkotik.az saytına açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova bildirib. Onun sözlərinə görə, bütünü cəhdlərinə rəğmən, düşmən qüvvələr Azərbaycanda arzularına, istəklərinə çata bilməyəcəklər: “Dövlətimiz narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə üsullarını çox yaxşı həyata keçirir. Son dörd il ərzində sürətli şəkildə maarifləndirmə tədbirləri aparılır və bu kimi tədbirlərin sayı artmağa davam edir”.

B.Məmmədova deyir ki, yeniyetmə və gəncləri narkotikdən yalnız maarifləndirmə yolu ilə qorumaq mümkündür: “Biz onların düzgün həyat tərzi seçmələrinə, asudə vaxtlarının düzgün şəkillənməsinə kömək edə bilərik. Yeniyetmə və gənclər boş vaxtlarını səmərəsiz keçirməməli, zamanlarını düzgün qiymətləndirməli, səmərəli şəkildə istifadə etməlidirlər. Odur ki, nə qədər çox maarifləndirmə olarsa, insanlarımız, xüsusilə də yeniyetmə və gənclərimiz nə qədər çox maariflənərsə, biz o qədər yaxşı nəticə əldə edə bilərik”.

Birlik sədri qeyd edir ki, narkomaniya təkcə Azərbaycanda deyil, bütün dünyada yayılıb və yayılmaqda davam edir: “Ölkə və vətəndaş olaraq istəyimiz bundan ibarətdir ki, narkomaniya bizim dövlətimizdə olmasın, yeniyetmələrimiz, gənclərimiz bu bəlaya qurşanmasınlar. Əsas məqsədimiz odur ki, faydalı maarifləndirmə tədbirləri keçirək. Yeniyetmə və gənclərimiz arasında maarifləndirmə kampaniyaları təşkil edək ki, onlar narkotikdən uzaq olsunlar, ondan istifadə etməsinlər. Hamımızın məqsədi bundan ibarətdir”.

İctimi Birlik sədri vurğuladı ki, bütün dünyada narkomaniyaya qarşı mübarizənin ən effektiv üsulu maarifləndirmə hesab olunur: “Dünya təcrübəsi də göstərir ki, narkomaniyadan qorunmaq üçün mütləq maarifləndirmə olmalıdır. İnsanları narkotikin zərərləri haqda daha çox bilgiləndirmək lazımdır. Bilməlidirlər ki, narkotik istifadə etməklə özlərini hansı təhlükəyə atırlar. Əfsuslar olsun ki, insanların yarı faizindən çoxu maarifsizliyin, bilgisizliyin qurbanı olaraq bu bəlaya qurşanırlar”.

B.Məmmədova deyir ki, maarifləndirmə ilə yalnız dövlət qurumları, qeyri-hökumət təşkilatları, məktəblər məşğul olmamalıdır: “Cəmiyyət olaraq, hər bir fərd bu işlə məşğul olmalıdır. Müəllim, həkim, satıcı, yəni aşağıdan tutmuş, yuxarı təbəqələrə qədər bir olmalı, birlikdə mübarizə aparmalıyıq. Yalnız polis, həkim və s. mübarizə aparmaqla, narkomaniyaya qalib gəlmək olmaz. Hamımız bir fərd olaraq birləşib mübarizə aparsaq, inanıram ki, narkotik uğurla ölkəmizdən yox olacaq. Bu məsələdə incəsənət xadimlərinin, jurnalistlərin üzərinə də yük düşür. Televiziyada, saytlarda, digər media subyektlərində sağlam təbliğat aparılmalıdır.

Bundan əlavə, məktəblərdə tədris olunan “Həyat bilgisi” kitabında bununla bağlı bir neçə mövzu olmalıdır. Necə ki, dinlə bağlı mövzu dərsliyə salınıb, paralel olaraq sağlamlıqla bağlı mövzular da daxil edilməlidir. Narkomaniya asılılıq xəstəliyidir. Bu xəstəliklə bağlı dərslər keçirilməli, onun zərərləri şagirdlərə başa salınmalıdır”.

B.Məmmədova bu fikirdədir ki, narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə işləri uşaqların körpə yaşlarından başlamalıdır: “Azərbaycanda artıq 11-12 yaşdan başlayaraq, uşaqlara narkotikin zərərləri haqda məlumat verilməlidir. Amma dünya təcrübəsi deyir ki, narkomaniya ilə bağlı maarifləndirmə işləri uşaqların bağça yaşından başlamalıdır. Yəni bu, körpə yaşından bütün uşaqlara başa salınmalıdır.

Məlumat verim ki, bu il Vyanada BMT-nin 67-ci sesiyasında biz də iştirak etdik. Həmin sessiyada belə bir sual verilmişdi ki, narkomaniyaya qarşı maarifləndirmə hansı yaşda olmalıdır? Çünki bizim ölkədə təbliğat ən tezi 6-cı sinifdən, əsasən isə 8-10-cu sinif şagirdlərindən başlayır. Onlar söylədilər ki, bu yaşda çox gecdir.

Yəni mən sizə dünya təcrübəsindən danışıram. Düşünürəm ki, narkomaniya ilə maarifləndirmə bağçadan, körpə ikən başlanılmalıdır. Dünya təcrübəsi bunu deyir.

İctimai Birlik sədri əlavə etdi ki, ölkəmizdə narkomaniya ən çox gənclər arasında yayılıb: “Yeniyetmə yaşda olan şagirdləri yoldan çıxarmaq ən asan yoldur. Çünki yeniyetməlik dövrü ən çətin, ən həssas dövrdür. Narkotik satıcıları da bundan çox gözəl istifadə edir, o yaşda olan şagirdləri yoldan çıxarır. Ona görə, mən sizin sayt vasitəsilə valideynlərə də müraciət etmək istəyirəm. Övladlarınızla yeniyetməlik dövründə daha yaxın, daha çox ünsiyyətdə olun. Onlarla dost, sirdaş olmağa çalışın ki, övladınızın zəif nöqtəsindən işbazlar istifadə etməsinlər”.

B.Məmmədova onu da qeyd etdi ki, narkomaniya asılılıq xəstəliyindən əlavə, həm də psixoloji xəstəlikdir: “Narkotikə qurşanan insanlar mütləq psixoloji müalicə almalıdırlar. “Mən narkotikə qurşanmışam, onun müalicəsi yoxdur, ömür boyu istifadə edəcəyəm”, - belə bir anlayış yoxdur. Nakotik aludəçiləri müalicə oluna, sağlam həyata dönə, sağlam şəkildə yaşaya bilərlər. Əsas odur ki, onlar bunu istəsinlər. Onlarda bu istək olsa, sağalmaq şansları daha çox olacaq”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az