Sosial sığınacaqda rəfiqəsini bıçaqlamaqda ittiham olunan Xəzangül İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək Xəzangül İsmayılovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edib. Müşavirədən sonra hökm elan olunub. Xəzangül İsmayılova 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Hadisə ötən il iyun ayının 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Zabrat qəsəbəsində yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsində qeydə alınıb.
Zərərçəkmiş qismində Alekseyevna Tatyana Georgiyevna tanınıb. İttihama görə, o, X.İsmayılovanın ünvanına təhqiramiz ifadə işlədib, buna görə X. İsmayılova mətbəxi bıcağı ilə rəfiqəsinə ağır xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb./apa