Şəmkirdə bibisinin evini qarət edən şəxs tutuldu

Şəmkirdə 22 yaşlı şəxs bibisinin evini qarət edib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarı kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Ağayev (ad və soyad şərtidir) kənddə yaşayan bibisinin evində pul olduğunu müəyyən edib, həmin evə oğurluğa getmək qərarı verib. Belə ki, Kənanın bibisi Aygün həyat yoldaşı ilə birlikdə meyvə-tərəvəz alveri ilə məşğul olduğundan hər bazar günü Şəmkir Mərkəzi Bazarına meyvə satmağa aparırmış. Növbəti bazar günü də səhər saatlarında Aygün azyaşlı uşaqlarını anasının, yəni Kənanın nənəsinin yanına gətirir və onlardan muğayat olmağı tapşırır. Aygün bildirir ki, əri ilə birlikdə bazara mandarin satmağa gedir. Fürsətdən istifadə edən Kənan evdən çıxaraq, bibisigilə gedir. Qapının bağlı olduğunu görən Kənan evə pəncərədən daxil olur. O, evdə bibisinin sellofan torbaya yığdığı, ümumi məbləğ 113 manat olan 50 qəpik və 11 887 manatı götürərək, hadisə yerindən qaçıb. O, həmin puldan 1500 manat verərək özünə "iPhone 13" markalı mobil telefon alıb.

Bazardan evə qayıdan Aygün pəncərənin açıq olduğunu görüb şübhələnib. O, dərhal evə daxil olaraq, pulu qoyduğu rəfə baxanda evdə olan pulların oğurlandığını görüb.

Hadisə yerinə polis əməkdaşları gəlib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kənan Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə K.Ağayev 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.