Şəkidə məktəblinin bıçaqlanmasının səbəbi sirr olaraq qalır. Hazırda rayon polis şöbəsində araşdırma gedir və bütün detallar həmin araşdırmalardan sonra bəlli olacaq.
Ötən gün Şəkidə iki nəfər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Nəticədə gənclərdən biri bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkmişin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
İlkin araşdırmalarla gənclərin 16 yaşında və hər ikisinin məktəbli olduğu məlum olub. Lakin bəzi məqamlar nəzərə alınaraq onların adları hələlik qeyd olunmur.
Baş vermiş hadisə ilə bağlı əvvəlcə zərərçəkmişin yaşadığı ünvana yollandıq. Qapı bağlı olduğundan atasına zəng etdik. Zərərçəkmişin atası hadisə haqda danışmaq istəmədi. Sadəcə onu qeyd etdi ki, uşaq cərrahiyyə əməliyyatı olunub və hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Hadisənin baş verdiyi məkanla bağlı adının çəkilməsini istəməyən qonşulardan məlumat aldıq.
Əldə etdiyimiz məlumata görə, eyni məhəllədə yaşayan məktəblilərin Şəkidə hamının keçmiş gübrə zavodu yaxud çirkli suların emalı stansiyası kimi deyilən ərazidə mübahisəsi yaranıb. Nəticədə onlardan biri digərinə bıçaqla xəsarət yetirib. Maraqlıdır ki, hadisə yerində nə qan izi, nə də başqa bir əlamətə rast gəlmədik.
Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Dövlət Cəfərova zərərçəkmişin son vəziyyəti ilə bağlı bunları qeyd edib: “Xəstəyə ilkin baxış keçirilikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona ilkin təxirəsalınmaz yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti stabildir”.
DİN Mətbuat Xidməti Şəki regional qrupunundan isə bildirildi ki, ilkin araşdırmalarla 16 yaşlı yeniyetmənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirdiyi məlum olub. Həmyaşıdına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkmişin xəsarəti ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunub. Faktla bağlı araşdırmalar davam edir./bizim.media