Narkotik istifadəçiləri zərərli maddə ilə əsasən yeniyetmə yaşlarında tanış olurlar. Düzdür, onların aralarında yeniyetmə dönəmini bitirdikdən sonra da narkotik istifadəçisinə çevrilənlər olur. Amma ümumi tendensiya odur ki, insanlar narkotik istifadəçisinə daha çox yaşının yeniyetmə dövründə çevrilməyə başlayır.
Çox təəssüf ki, nəinki biz, bütün dünya bu “düşmən”in əlində hələlik acizik. Videosunu paylaşdığımız türkiyəli Məhəmmədin çağırışı isə imdad, kömək istəyən bir yeniyetmə narkotik istifadəçisinin harayıdır. Məhəmməd narkotikin ona yaşatdıqlarından bəhs edir, bayramda belə narkotik istifadə etməsindən, narkotikin bayramı ona zəhər etməsindən, “bayram mənim üçün bayram deyil” deyə bəhs edir.
16 yaşında olan yeniyetmə özünün asılı olduğunu, 4 ildir ki, heroin istifadə etdiyini, parkdakı uşaq yelləncəyinin altında yatdığını deyir. Məhəmməd Allah xətrinə onun bir sözünü hamıya çatdırmağı xahiş edir – “Bu insanlıq deyil”. O, insanlardan Allah rizası üçün xilas olmasına yardımçı olmalarını istəyir.
Bizim ölkəmizdə də məhəmmədlər az deyil. Cəmiyyətin borcu isə onların yardım istəyinə, səsinə səs verməkdir. Siz də hansısa səbəbdən bir çətinlik yaşayırsınızsa, çıxış yolunu narkotikdə, yəni təsəllini zəhərdə axtarmayın, aidiyyəti qurumlardan, eləcə də Stopnarkotik.az-dan kömək istəyin. Biz sizi aidiyyəti üzrə yönləndirməyə çalışacağıq.
Nədənsə ayağınız büdrəyibsə, bilin ki, bu son deyil. Məhəmməd kimi narkotik qarşısında acizsinizsə, kömək istəyin, unutmayın, siz yalnız deyilsiniz…
Stopnarkotik.az