Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MİP GROUP” MMC şirkətinin direktoru Mübariz Tahirovun (soyadlar şərtidir) məhkəməsi başa çatıb.
Məhkəmə prosesində 1992-ci il təvəllüdlü Mübarizin bir neçə nəfərə qarşı yarım milyondan çox dələduzluq etdiyi bildirilib.
Qeyd edilib ki, Mübariz Tahirov əvvəllər “Dinamik Okean” su filtrləri şirkətində müxtəlif vəzifələrdə çalışıb. O daha sonra “MİP GROUP" MMC şirkətini yaradaraq müstəqil şəkildə filtr satışı işinə girişib, Asim və Rauf adlı tanışlarını investor kimi bu işə cəlb edib. Mübariz təkcə Asim adlı şəxsdən biznesinə yatırım qoyması üçün 450 min manat pul alıb. Lakin daha sonra əldə etdiyi pulları təkbaşına xərcləməyə başlayıb, borclarını qaytarmayıb və onunla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şikayətlər edilib. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə iş açılıb.
Məhkəmədə cinayət işinin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb. Mübarizlə birgə “Dinamik Okean”da çalışmış və daha sonra birgə yeni şirkətdə işləməyə davam etmiş H.Məmmədov şahid qismində verdiyi ifadədə Mübarizin bədxərclik etdiyini, müğənnilərin evlərinə havayı filtrlər quraşdırdıqlarını deyib: “Mübarizlə iki aya yaxın işlədim. Maşınla filtr satan işçiləri şəhərdə gəzdirirdim. 2019-cu ilin yayında Mübariz dedi ki, ayrıca şirkət yaradaraq “Dinamik Okean”dan çıxmaq istəyir. Mənə onunla birgə işləməyi təklif etdi və qəbul etdim.
Mübariz birinci ofisi Nərimanov rayonu Ayna Soltanova prospektində icarəyə götürdü. Türkiyədən xeyli su filtrləri gətizdirdi. 30-40-a yaxın işçi götürdü. Mənim işim işçiləri gəzdirmək və filtr quraşdırmaq idi. Pulları qrup rəhbərləri yığıb Mübarizin tapşırdığı bir qıza təhvil verirdilər. Gündəlik müştərilərdən ən azından 5000-6000 manat pul yığılıb Mübarizə təhvil verilirdi. Filtrin Azərbaycana gəlməsi 300 manata başa gəlirdisə, nağd 1500 manata satırdıq, 1680 manata kreditlə verirdik. Mübarizlə 2020-ci ilin sonlarınadək işlədik. O xeyli sayda filtrləri tanışlarına, dostlarına, müğənnilərə məxsus mənzillərdə pulsuz quraşdırmışdı. Təkcə mən onun tapşırığı ilə 30-40 ədəd su filtrini müğənnilər Nazənin, Manaf Ağayev, Nadir Qafarzadə, Nazilə Səfərli, Tolik və başqalarına məxsus mənzillərdə quraşdırmışam, lakin əvəzində pul almamışıq”.
Fotoda iflas etmiş şirkətin reklam posterlərindən biri
H.Məmmədov bildirib ki, bir neçə dəfə Mübarizə bu gedişlə biznesin batacağını deyib: “Mübarizin tapşırığı ilə başqa işçilər də filtrləri onun tanışlarının mənzillərində pulsuz quraşdırıb. Mən işdən ayrılanda müştərilərin əksəriyyətindən pullar yığılmışdı. Mübariz işçilərin əməkhaqqını vermədiyi üçün, demək olar ki, hamısı işdən çıxmışdı. Mübarizin tapşırığı ilə bəzən kreditlə filtr satılmış müştəriyə təklif edirdik ki, 1000 manat nağd versə, qalan borcu silinir, bəzən deyirdik ki, 800 manat versin, borcunu silək. Müştəri də razılaşıb pulu verirdi. Bütün işçilər pulları Mübarizə verirdilər. Hesablamama görə Mübarizə təxminən 300 000 - 400 000 manatdan artıq pul təhvil verilib. Mübariz, demək olar ki, hər gün bahalı restoranlarda qızlarla vaxt keçirir, əyləncələrə pul xərcləyirdi. Əvvəldən bilirdim ki, o bu cür pul xərcləməklə biznesi batıracaq. Mənim də 2000 manat əməkhaqqımı verməyib. Mübariz filtr işində yaxşı qazanc əldə edib, bu işdə ziyan etməyib. Sadəcə olaraq qazancı şəxsi ehtiyaclarına, dostlarına və yaxın münasibətdə olduğu qızlara xərcləyib”.
Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxsin müğənni Vüsal Əliyevlə dostluq münasibəti olub və Vüsal onun şirkətində çalışıb. Həmçinin Mübarizin maddi vəziyyəti pisləşəndə pul sahiblərinə müğənninin evini sataraq ona verəcəyini və borcunun bir hissəsini ödəyəcəyini deyib. Vüsal Əliyev ibtidai istintaqa ifadəsində Mübarizin ondan dəfələrlə pul istədiyini, lakin vermədiyini deyib:
“Mübarizi 5-6 ilə yaxındır ki, tanıyıram. Bakı şəhərində ayrı-ayrı yerlərdə restoranlar işlətmişəm, hazırda da Sabunçu rayonu Bakıxanov qəsəbəsində restoran işlədirəm. Mübarizi də restorana gəlib-getdiyi üçün tanımışam. Mütəmadi olaraq mənə deyirdi ki, filtr satışı işində yaxşı qazanc var, tanış biznesmen tapım ki, onun işinə pul buraxsın, özü sərbəst şirkət yaratmaq istəyir. 2019-cu ilin yay aylarında Nizami rayonunda yerləşən “Xəzri” restoranında Mübariz Rauf adlı şəxsi mənimlə tanış etdi, Rauf avtomobil ticarəti ilə məşğul olurdu. Mübariz bildirdi ki, Rauf su filtri işinə pul buraxacaq. Mübariz ofis icarəyə götürmüşdü. Ofisdə Asimlə tanış oldum. Mübariz bildirdi ki, bu işdə Asim və Raufla şərikdir. Nə qədər pul qoyduqlarını isə bilmirəm. Mübariz məni də menecer kimi işə götürmüşdü. Onun icarəyə götürdüyü bütün ofislərdə mənim otağım olub. Mənim işim filtrlərin reklamı və satışı ilə bağlı əlaqələndirmək idi. Hətta bir neçə dəfə telekanallarda xahişimlə Mübarizin təsis etdiyi şirkət reklam olunub”.
Fotoda Vüsal Əliyev
Müğənni ifadəsinin davamında bildirib ki, Mübariz restoranlara və eyş-işrətə çoxlu pul xərcləyib: “İşçilər bir neçə ay işlədi. Mübariz ilk əvvəl işçilərin əməkhaqqını verdi, hətta işçilərə Bakı şəhərində “Rivera” və “Teleqüllə” restoranında qonaqlıq verdi. Qonaqlıqda ən azı 50 nəfər iştirak edirdi, ən azından 3000-4000 manat hesab verirdi. Bir dəfə də işçiləri Qəbələyə apardı, orada 5 min pul xərclədi. Lakin ofislərin icarəhaqqını vermədiyi üçün bir neçə dəfə ofisi dəyişməli olduq. Bir neçə ofisin icarəhaqqını vermədi. Hər gün işçilər filtrlərin pulunu toplayıb Mübarizə verirdilər. O isə pulları restoranlara və yüngül həyat tərzi keçirən qadınlara xərcləyirdi, demək olar ki, hər gün restoranlarda olurdu. Dəfələrlə Mübarizə dedim ki, pulları boş-boş şeylərə xərcləməsin, Rauf və Asim bundan xəbər tutsa, onun üçün yaxşı olmayacaq. Mübariz isə deyirdi ki, onlara nə dəxli var ki, əziyyət çəkir, qazanır, xərcləyir.
Mübariz özünü iş adamı kimi müğənnilərə təqdim etdiyi üçün onlara restoranda pul xərcləyirdi. Pandemiya dövründə də gizli işləyən restoranlara gedirdi. Məndən son vaxtlar mütəmadi olaraq borc istəyirdi, aldığı pulları isə geri qaytarmayıb. Nərimanovdakı yeni tikilidəki mənzilimi 2022-ci ilin yanvar və aprel aylarında girov qoyub restoran işlətmək üçün kreditə 60 000 manat pul götürmüşdüm. Mübariz mənə yalvarırdıdı ki, kreditə artıq pul götürüb ona 20 000 manat verim. Lakin ona pul verməmişəm və Mübarizdən şikayətçi deyiləm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şirkət rəhbərinə 8 il həbs cəzası verilib./"qafqazinfo"