Sevgilisinin sifarişi ilə Moskvada öldürülən azərbaycanlının qatilləri Türkiyəyə qaçıblar - FOTO

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədovu öldürməkdə şübhəli bilinən şəxs və onun əlbir olduğu cinayət yoldaşı Türkiyəyə qaçıblar.

Bu barədə “Mash” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, onlar tapançanı yolda atıb Şeremetyevo hava limanına gediblər, oradan isə Türkiyəyə yollanıblar. Şübhəlilərin hər ikisinin axtarışı davam edir.

Xatırladaq ki, Nazim Əhmədov aprelin 20-də sahib olduğu “Yunis” mağazasının yaxınlığında pusquya salınaraq öldürülüb. Qatil onu sinəsindən və başından güllələyib. Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.

Moskva vilayətinin İstintaq Komitəsində hər iki təqsirləndirilən şəxsə qiyabi olaraq “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə adamöldürmə” və “qanunsuz silah alveri” ittihamı irəli sürülüb.

Bundan əvvəl bildirilmişdi ki, Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər. Belə ki, biznesmenin Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı olduğu deyilir. Cinayət törətmək üçün qatili o tuta bilərdi./oxu.az