Sevgilisini boğaraq öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı

Bakıda qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə təqsirli bilinən Fərhad Şaqalıyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Sabunçu rayonunda baş verib. Rayonun Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. 

Polis əməkdaşları tərəfindən saxlanılan Fərhad Şaqalıyev ifadəsində bildirib ki, xırda sahibkarlıqla məşğul olub. Fərdi yaşayış evləri tikib satmaqla ailəsini dolandırıb. 

Təxminən 4-5 il əvvəl Gülnarə Sadıqova ilə tanış olub. Arvadından boşanmadan Sadıqova ilə dini kəbin kəsdirib. Rəsmi nikahda olan həyat yoldaşına tez-tez yalandan deyib ki, rayonda sifarişcilər üçün ev tikir və ona görə də orada yaşamalıdır.

Fərhad Şaqalıyev bildirib ki, 31000 manat məbləğində pulu Gülnarə ilə birlikdə müxtəlif ev xərclərinə istifadə edib. O həmin pulun dəyərində Gülnarə üçün yeni ev alacağına söz verib. Həmin dövrlərdə pula ehtiyac artdığından və şəxsi biznesində geriləmə baş verdiyindən bu niyyətini həyata keçirə bilməyib. 

2017-ci ilin əvvəllərində Sadıqova pulun xərclənib qurtarmasından gileylənib. Gülnarənin bu məsələyə görə fikir çəkməməsi üçün fevralın 6-da notariat kontorunda onunla mövcud borcun etirafı haqqında müqavilə bağlayıb. Amma bundan bir neçə gün sonra Gülnarə muqavilənin onların arasında olan münasibətə yaraşmadığını deyərək cırıb atıb. Fərhadın fikri maddi vəziyyəti düzələn zaman ev tikdirərək Sadıqovaya bağışlamaq olub. Dörd il ərzində müxtəlif ünvanlarda kirayədə qalıblar. O, vaxtının əksər hissəsini Gülnarə ilə keçirib. 

Hadisədən 1 ay əvvəl onlar Bakıxanov qəsəbəsində yaşamağa başlayıblar. Gülnarə ona ev tikdirmədiyi və onu qısqandığı üçün aralarında tez-tez mübahisələr baş verib. 

Oktyabrın 23-də sərxoş vəziyyətdə evə gəlib. Evə gec gəldiyi üçün Gülnarə onunla dava etməyə başlayıb. Fərhad qadını itələdikdə Gülnarə yerə yıxılıb və qolunu əzib. Buna görə onu 3 saylı xəstəxanaya aparıb. Orada ona tibbi yardım göstərilib və qoluna sarğı qoyulub. 

Ayın 24-də günorta vaxtı rəsmi ailəsinin yanında olan zaman Sadıqova zəng edərək narazı şəkildə harda olması ilə maraqlanıb və onu evə çağırıb. O, mənzildən çıxandan sonra dostu ilə görüşüb. Axşam saat 7-yə kimi kafedə spirtli içki qəbul ediblər. Evə qayıdanda Gülnarə onunla aqressiv şəkildə danışdığı üçün qadını sifətindən vurub. Sonuncu yataq otağında çarpayı ilə şkafın arasında yerə yıxılıb. Gülnarənin söyüşlərindən əsəbiləşdiyi üçün ayağı ilə ağzını sonra isə boğazını sıxıb. Ayağını həmin vəziyyətdə təxminən 1 dəqiqə saxlayıb. 

Fərhad Şaqalıyev ifadəsinin davamında bildirib ki, hamam otağına gedib əllərini qoyuq su ilə isladıb və qayıdıb ayılması üçün Gülnarəyə bir neçə şillə vurub. Qadın tərpənmədiyi üçün keçindiyini başa düşüb. Onu üzü üstə çarpayıya uzadıb. Otağın və evin qapısını bağlayıb marketə gedib. Evdə olan Gülnarənin oğlu Anar həmin vaxt yatıb. O, uşağın oyanıb meyiti görəcəyini düşünüb dərhal mənzilə qayıdıb. O, uşağa anasının evdə olmadığını deyib. Onunla birlikdə polis idarəsinə gedərək törətdiyi cinayət barədə məlumat verib və könüllü təslim olub.

Məhkəmə prosesində Fərhad Şaqalıyev ittiham üzrə özünü qismən təqsirli bilib. 

Sona məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum olunub./olke.az