SEPAH-ın “HANİYƏ BİABIRÇILIĞI”... – HƏMAS liderindən sonra növbə kimindir?

İranda “dövlət içində dövlət” olan İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) daxildən “çürüdüyü” artıq 2023-cü ilin martında açıq şəkildə özünü biruzə vermişdi. Həmin vaxt SEPAH komandanlığı ilə İranın Ali dini lideri Əli Xamenei arasında görüşün stenoqramı sızdırılmış, Qərb mətbuatında dərc edilmişdi. Bu, İran rəhbərliyinin və rejim fanatiklərinin güvəndiyi SEPAH-ın illərdir davam edən deqradasiya prosesinin pik nöqtəsi sayıla bilərdi.

Bu illər ərzində məxfi məlumatların İsrailə satılmasından tutmuş İran rəhbərliyindəki şəxslərə, hətta şəxsən ali dini liderə qarşı sui-qəsd cəhdinə qədər bir çox qaranlıq işlərin arxasından SEPAH-ın əlləri göründü. Bu baxımdan HƏMAS lideri İsmayıl Haniyənin SEPAH-ın tam nəzarətində olan Tehrandakı qonaq evində qətlə yetirilməsi əslində, son illər korrupsiyadan tutmuş hakimiyyətdaxili intriqalara, pul müqabilində İsrailə və digər “düşmən dövlətlərə” məlumatlar ötürülməsinə qədər bir çox əməllərə bulaşdığı bildirilən İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinin labüd nəticəsi kimi görünür...

SEPAH-a yaxın informasiya dairələri əvvəlcə Haniyənin ölümünün guya İsrail təyyarələrinin İraq səmasından buraxdığı raketlə baş verdiyini iddia etdilər. Daha sonra SEPAH rəhbərləri Haniyənin yataq otağının yenə raketlə vurulduğunu bildirsələr də, bunun uzaq deyil, yaxın məsafədən atılan raketlə gerçəkləşdiyini bildirdilər. Qeyd olundu ki, guya bir qrup diversant yaxınlıqdakı təpədən Haniyənin yataq otağına raket ataraq onu məhv edib. Lakin sonradan partlayış yerinə aid foto və videolara baxan xarici ekspertlər bunun doğru olmadığını və olduqca böyük ehtimalla Haniyənin daha öncədən onun otağına yerləşdirilən partlayıcı qurğu ilə qətlə yetirildiyini bildirdilər. Qərb mnətbuatı isə öz mənbələrinə istinadla yazır ki, bunu İranın yüksək vəzifəli məmurlarının müdafiəsinə cavabdeh olan “Ənsar əl-Mehdi” xidmətində çalışan və “Mossad” tərəfindən cəlb edilmiş yerli agentlər edib. Əvvəlcə “The Daily Telegraph” öz mənbələrinə istinadla iddia etdi ki, İsrail kəşfiyyat xidməti “Mossad” Tehranda HƏMAS siyasi bürosu rəhbərinin qaldığı qonaq evinə partlayıcı qurğular yerləşdirmək üçün İran təhlükəsizlik rəsmilərini cəlb edib. “The New York Times” isə yazıb ki, Haniyə iqamətgaha hələ iki ay əvvəl qoyulmuş bomba ilə öldürülüb.

Bundan dərhal sonra SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandirinin kəşfiyyat işləri üzrə müavini İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının qapalı iclasında bu məlumatları təkzib edib və deyib ki, İsmayıl Həniyənin Tehranda öldürülməsini təşkil etmək üçün İran kəşfiyyatçılarının işə cəlb edilməsi barədə xəbərlər yalandır. Bunu ictimaiyyətə İran parlament komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai açıqlayıb: “Qüds qüvvələrinin komandirinin müavini vurğulayıb ki, şəhid Haniyənin öldürülməsi agentlərin sızmasının nəticəsi deyil və bu insidentdə sızma məsələsi müzakirə edilmir”.

 

Ancaq buna paralel olaraq, yüksək rütbəli kəşfiyytaçılar, məmurlar və Tehranda İsmayıl Haniyənin öldürüldüyü qonaq evinin əməkdaşları da daxil olmaqla iyirmidən çox adamın həbs edildiyi məlum oldu. Əgər Haniyə kənardan atılan raketlə öldürülübsə, bu həbslər nə ilə bağlıdır?

Onu da qeyd edək ki, Əli Xamenei bu hadisədən dərhal sonra artıq iki dəfə SEPAH-ın rəhbərliyini toplayıb. Media orqanları xəbər verir ki, Xamenei SEPAH rəhbərlərindən iki fundamental suala cavab tələb edib: Bu, necə baş verə bilərdi və bunun bir daha baş verməyəcəyinə zəmanət varmı? Bu arada İsrail HƏMAS liderinin qətlinə cavab olaraq İranın zərbəsini həyəcanla gözlədiyi bir vaxtda Tehranda SEPAH-ın qurumları da daxil olmaqla, yüksək vəzifəli məmurların müdafiəsinə cavabdeh olan bütün xidmətlərin ümumi yoxlamasına başlanılıb.

Onu da qeyd edək ki, Haniyənin ölümündən cəmi dörd gün əvvəl İranın kəşfiyyat naziri Seyid İsmail Xətib yerli mediaya yüksək səslə bəyan etmişdi ki, “İran bir neçə alimimizi öldürən və ölkənin əsas obyektlərində təxribat aksiyaları təşkil edən “Mossad” agentura şəbəkəsini məhv edib”. Son illərdə İran kəşfiyyat xidmətləri artıq bir neçə dəfə oxşar bəyanatlar versələr də, əsl nəticə göz qabağındadır.

Əslində, hələ ötən il SEPAH rəhbərləri ilə Xameneinin danışığı sızdırılanda bu quruma qarşı ciddi tədbirlər görülməli, araşdırma aparılmalı, təşkilat təmizlənməli və sözdə deyil, reallıqda ölkə rəhbərliyinin ciddi nəzarətinə alınmalı idi. Lakin SEPAH kimi, bütünlükdə rejimin və onun rəhbərliyinin “çürüməsi”, SEPAH-ın ciddi silahlı gücü və maliyyə imkanlarının olması, onun dini rəhbərliklə qaranlıq əlaqələri, işbirlikləri və s. bunu etməyə imkan vermədi.

Bütün bu baş verənlərdən bir şey aydındır: SEPAH dövlət içində dövlət olaraq qaldıqca, bu cür hadisələrin təkrarlanması qaçılmazdır və Haniyə təbii ki, nə birinci, nə də sonuncudur.../azpolitika.info