Ötən il itkin düşmüş Salyan sakininin arvadı tərəfindən yox, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.
İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
***11:59
Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa saxlanılan var.
Xatırladaq ki, Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 2024-cü il dekabrın 17-də 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.
Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.