Dələduzluq və hədə qorxu ilə tələb etmədə təqsirləndirilən İdeal Partiyasının və saytının rəhbəri Nazim Quliyevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq təqsirləndirilənin hazırlıq iclasında dəqiqləşdirilməmiş bəzi anket məlumatlarına aydınlıq gətirilib. Bundan sonra Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Prosesin ikinci mərhələsində dövlət ittihamçısı təqsirləndirilən sabiq sayt rəhbərinə ittiham aktını elan edib. Nazim Quliyev isə öz növbəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.
İbtidai istintaqla müəyyən edilib ki, Nazim Quliyev müxtəlif vaxtlarda özünü vəkil kimi təqdim edib, yalan vədlər verərək zərərçəkmişlərin bir qisminin pullarını dələduzluq yolu ilə ələ keçirərək şəxsi məqsədləri üçün istifadə edib.
Belə ki, o, rəhbəri olduğu "İdealmedia.az" saytında Binə Atçılıq İdman Klubunda ölmüş atların ətinin satılması barədə xəbər yayacağı ilə bağlı Natiq Zeynalov adlı iş adamını təhdid edərək, məlumatın yayılmaması üçün həmin şəxsdən pul alıb.
Daha sonra o, digər zərərçəkən, 16 saylı poliklinikada çalışan Məleykə Həsənovanın qanun pozuntularına yol verməsi, pulsuz verilməli olan dərmanları satması barədə öz saytında xəbər yayacağını onun həyat yoldaşına söyləyərək külli miqdarda vəsait ələ keçirib.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanınıblar.
Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb./oxu.az