Sabiq bankirin məhkəməsi 10 il sonra başa çatdı

"Texnikabank" ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb.

2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina etdiyini bildirib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb.

Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə baxılmasına xitam verilib.

Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi ilə bağlı hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib.

Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb./"qafqazinfo"