Rüşvətə görə tutulan sədr özünü dələduzluqda təqsirli bildi - MƏHKƏMƏ İNANMADI

Külli miqdarda rüşvət almaqda ittiham olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi, Neftçala rayonu üzrə hərrac komissiyasının sədri Seyran Məmmədovun məhkəməsi yekunlaşıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü rüşvət almaqda deyil, dələduzluqda təqsirli bildiyini deyib. 60 yaşlı Məmmədov verilmiş ittihamlara münasibətdə bəraət hökmü çıxarılmasını xahiş edib.

Sonuncu iclasda hökm oxunub. 

Hökmə əsasən, S.Məmmədov külli miqdarda rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Seyran Məmmədovun sədrlik etdiyi hərrac komissiyası tərəfindən Neftçala rayonunda dövlət mülkiyyətində olan 1 hektardan artıq torpaq sahəsi və üzərində yerləşən tikinti obyektinin alqı-satqısına dair keçirilmiş auksionda vətəndaşın 22 min 500 manat pul müqabilində qalib elan edilməsinə nail olmasına şübhələr müəyyən edilib.