"Rusiyanın nüvə çətiri ilk növbədə bu ölkələrə şamil edilir" - SERGEY ŞOYQU

Yenilənmiş nüvə doktrinasına əsasən Rusiyanın nüvə çətiri ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrə şamil edilir.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Astanada KTMT Xarici İşlər, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası çərçivəsində çıxışında bildirib.

“Əvvəla, demək istəyirəm ki, köhnə doktrina sizin dediyiniz kimi, bu çətiri, o cümlədən müttəfiqlərimizi də nəzərdə tuturdu. Bu aydın idi və dəqiq şəkildə qeyd olunmuşdu. Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən gedir. Burada ayrı bir əlavə var ki, bu, Belarusa aiddir”, -RF Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Şoyqu xatırladıb ki, yeni doktrinada nüvə silahından istifadə meyarları indi Belarus adi silahlarla hücuma məruz qaldıqda və onun mövcudluğu təhlükə altında olduqda doktrinal olaraq müəyyən edilib.