Beynəlxalq narkotik ticarəti yalnız cinayətkar şəbəkələrin deyil, eyni zamanda bəzi dövlət strukturlarının da dolayı və ya birbaşa şəkildə iştirak etdiyi qaranlıq bir sahədir. Bu baxımdan, son illərdə Fransa və Ermənistanın adı da müxtəlif hesabatlarda və media araşdırmalarında narahatedici məqamlarla hallanır.
Avropanın narkotik dəhlizində rol oynayan dövlət
Son illər Fransada narkotik maddələrin, xüsusilə də kokain və marixuananın dövriyyəsi ciddi şəkildə artıb. Konkfret olaraq Marsel və digər liman şəhərləri İrandan, Şimali Afrikadan və Cənubi Amerikadan gələn narkotik maddələrin Avropaya giriş nöqtəsinə çevrilib.
Beynəlxalq media və Fransa polisinin hesabatları göstərir ki, bu ölkədə yalnız küçə satıcıları deyil, bəzi hallarda dövlət məmurları və liman strukturunda çalışan şəxslər də bu şəbəkələrin bir parçasına çevrilir. Təəssüf doğuran məqam isə odur ki, bu cinayət faktlarının çoxu cəzasız qalır və ya ictimaiyyətdən gizlədilir.
Qafqazdan Avropaya uzanan narkotik marşrutu…
Ermənistanın narkotik ticarətində tranzit ölkə kimi rolu da son illərdə beynəlxalq hesabatlarda az yer almır. İran və Əfqanıstan kimi narkotik istehsalçısı ölkələrdən gələn yüklərin Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dəniz yolu ilə Avropaya çıxarılması ehtimalları araşdırılıb. Ermənistanın zəif hüquqi strukturları və korrupsiyalaşmış dövlət aparatları bu cür tranzit fəaliyyətləri üçün əlverişli şərait yaradır.
Fransa-Ermənistan əlaqəsi: şübhəli sakitlik
Ermənistanla yaxın siyasi və diplomatik münasibətləri olan Fransa bu ölkənin narkotik tranzitindəki potensial rolunu görməzdən gəlməkdədir. Digər tərəfdən, Fransa Ermənistanla əməkdaşlıq adı altında bölgədəki qeyri-qanuni fəaliyyətləri də dolayısıyla legitimləşdirir.
Əgər bu münasibətlər ciddi şəkildə təhlil olunmasa, beynəlxalq narkotik şəbəkələrinin Avropa daxilində daha da möhkəmlənməsi riski günbəgün artacaq.
İkiüzlü siyasətin cəzası cəmiyyətin üzərinə düşür
Beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri, narkotik ticarəti ilə mübarizədə səmimi olmaq istəyirsə, Fransanın və Ermənistanın bu sahədəki fəaliyyəti və ya fəaliyyətsizliyi ciddi şəkildə araşdırılmalıdır. Əks halda, hüquq və ədalət çağırışları sadəcə siyasi şüarlardan ibarət qalacaq.
Mövzuya qayıdacağıq.
Emil MAQALOV
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert