Kokain ticarətindəki amansız qayda: "YA İŞDƏN ÇIXIN, YA DA ÖLÜN...”

Son illərdə Avropaya kokain ixracında əsas ölkələrdən biri olan Ekvadorda mühüm narkotik marşrutlarına nəzarəti ələ keçirməyə çalışan alban mafiyası xeyli irəliləyib. Demək olar ki, alban mafiyası Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığının əsas yollarını tez bir zamanda ələ keçirib.

Məlumdur ki, Latın Amerikasının əsas alıcısı Avropadır və kokain axınının qarşısını görülən tədbirlərə rəğmən almaq qeyri-mümkündür. Və bu qeyri-mümkünlüyün cavabını Avropaya kokain axıdan narkokartelin “zəhmətkeş əməkdaşları”ndan ala bilərik. BBC-nin Ekvadordakı narkokartelin üzvü olan "Latın Amerikasının Kralları"ndan birinin cavablarına nəzər salmaq bu baxımdan maraqlı olar. Narkokartelin “əməkdar” üzvlərindən biri olan Sezar etiraf edir ki, o uzun illər əvvəl polisin narkotiklərlə mübarizə bölməsinin korrupsioner əməkdaşı tərəfindən Avropanı kokainlə təmin edən ən varlı qruplardan biri olan Alban mafiyasına işləmək üçün cəlb edilib.

Ekvador prezidenti Daniel Noboanın sözlərinə görə, kokainin ölkənin özündə istehsal olunmamasına rəğmən, dünya üzrə kokain daşımalarının təxminən 70%-i Ekvador limanlarından keçir. Ekvador sadəcə narkomarşrutun üzərində yerləşən tranzit ölkədir. Narkotik dünyanın iki ən böyük kokain istehsalçısı olan qonşu ölkələr Kolumbiya və Perudan qaçaqmalçılıq yolu ilə gətirilir. Ölkə polisi deyir ki, keçən il qaçaqmalçılardan rekord miqdarda narkotik - əsasən kokain müsadirə edilib və bu, ixrac həcmlərinin ümumi artımını göstərir.

Cinayət statistikası da buna işarə edir: təkcə 2025-ci ilin yanvarında Ekvadorda 780-dən çox qətl hadisəsi qeydə alınıb ki, bu da uzun illər ərzində ən yüksək aylıq göstəricidir və onların bir çoxu narkotik qaçaqmalçılığı ilə bağlı olub.

Narkotik böhranının niyə daha da dərinləşdiyin və Avropada kokain istifadəsinin artmasının onu necə alovlandırdığını anlamaq üçün bu "bizneslə" məşğul olan insanlardan biri kimi, BBC-nin 36 yaşlı müsahibi bildirib ki, o 14 yaşında narkokartellərlə işləməyə başlayıb və o vaxt başqa iş tapmaq onun üçün çətin olub.

"Albanlara problemləri həll edə bilən adam lazım idi. Mən limandakı mühafizəçiləri, nəqliyyat sürücülərini və müşahidə kameralarına nəzarət edənləri tanıyırdım", deyə müsahib izah edir.

“Bu insanlar rüşvət müqabilində həmişə qaçaqmalçılara Ekvador limanında lazımi yoxlamalardan keçməkdə kömək etməyə hazırdırlar, baş verənlərə göz yumurlar - hətta bəzən kameraları da söndürürlər”, deyə müsahib izah edir ki, o, Kolumbiyadan və ya Perudan Ekvadora kokain çatdıran narkokartellər üçün liman anbarlarından birində tənha yer tapır və alban mafiya üzvlərini ona tezliklə Avropaya göndəriləcək dəniz konteynerinin koordinatlarını verənə qədər gözləyir. Yəni narkotik ticarətinə "şərait yaratmaq" rüşvətsiz başa gəlmir...

Qaçaqmalçılıq üçün üç əsas üsuldan istifadə olunur: narkotiklər ya yolda - gəmi limana girməzdən əvvəl - yükün içində gizlədilir, ya da konteynerlər limanda açılıb içinə narkotik yükü qablaşdırlır, ya da gəmilər yola salındıqdan sonra açıq dənizdə onlara verilir.

Göndərilən hər yük üçün narkokartel işçisi Sezar təxminən 3000 dollar maaş alır, lakin o, sadəcə pul üçün işləmir: “Əgər albanların sizə tapşırdığı işi yerinə yetirməsəniz, sizi sadəcə öldürəcəklər”. 

Kokain ticarətindəki artım tədarük zəncirində iştirak edən hər kəs üçün riskləri əhəmiyyətli dərəcədə artırır. Limanda çalışan işçilərdən biri bildirir ki, qeyri-leqal kokain yüklərini gəmidəki konteynerlərə qoymaq istəmirsinizsə, iki seçiminiz var: ya işdən çıxın, ya da ölün”...

Stopnarkotik.az