Əliməmməd Nuriyev: "İstənilən məhkum olunmuş şəxs qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə əməl etməklə müraciət edə bilər"
Həbsə düşən hər məhkum bir gün əfv olunacağını səbrsizliklə gözləyir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası müntəzəm olaraq belə desək, bu mərhəmət aktından yararlanmaq üçün müraciət edənlərin taleyində mühüm rol oynayır. Nəzərə alsaq ki, ölkə həbsxanalarındakı məhbusların az qala yarısı narkotiklə əlaqədar həbs olunanlardır, şübhəsiz, onlar arasında da vaxtından əvvəl azadlığa can atanlar az deyil. Bəs, Əfv Komissiyası yeniyetmə və gənclərimizi "ağ ölüm"ə məhkum edən bu şəxslərin müraciətinə nə kimi reaksiya verir? Bu və digər suallara komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Bu günlərdə Əfv Komissiyasının 6-cı toplantısı keçirildi. Həmin Toplantıda 100 dən çox müraciətə baxıldığı haqda mətbuata açıqlama vermisiniz. Ümumiyyətlə, Əfv Komisisyası daha çox hansı maddələr üzrə cinayət törətmiş şəxslərin müraciətinə baxmağa üstünlük verir?
- Əfv Komissiyasının hər hansı bir müraciətlə bağlı çərçivəsi yoxdur. İstənilən məhkum qanunvericiliyin tələblərinə uyğun olaraq, Əfv Komissiyasına, daha doğrusu, cənab Prezidentə əfv üçün müraciət edə bilər. Amma bunun üçün əsaslar olmalıdır. Bu da həmin məhkumların etdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olaraq müddətlə müəyyənləşir. Məsələn, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin də cəzasını 10 il çəkəndən sonra müraciət hüququ yaranır. Xüsusilə ağır cinayət etmiş şəxslərin isə cəzasının yarıdan çoxunu çəkəndən sonra əfv üçün müraciət hüququ yaranır. Amma az ağır cinayətlərdə cəzasının üçdə birini çəkəndən sonra ictimaiyyət üçün təhlükəli olmayan cinayətlərə görə məhkum olunmuş şəxslərin məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra müraciət hüququ yaranır. Müraciət hüququnun yaranması o demək deyil ki, həmin şəxslər əfv olunacaqlar. Situativ müraciət hüququ yaranır. Müraciətə də baxılır, kriteriyalara uyğun olaraq müvafiq rəylərin hazırlanması ilə bağlı qərarlar qəbul edilir və cənab Prezidentə təqdim edilir. Cənab Prezident də əfvlə bağlı son qəti qərarı verir ki, kimi əfv edəcək, kimi əfv etməyəcək. Amma buna görə də Cinayət Məcəlləsinin bütün maddələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciət hüququ var. Yenə deyirəm, qanunvericilikdə nəzərdə tutulmuş müddətə uyğun olaraq. Yəni məhdudlaşdırıcı bir qərar yoxdur. O başqa bir məsələdir kimlər əfv olunur, əfv olunmur, bu da cənab Prezidentin müstəsna Konstitusiya səlahiyyətidir.
- Təcrübədə elə faktlar var ki, törətdiyi cinayətlə əlaqədar olaraq azad olunmasını xahiş edən şəxslərin müraciəti dərhal geri çevrilir?
- Bütün hallarda müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq edilibsə, yaxud məhkum edilmiş şəxslər tərəfindən vəsadət qaldırılıbsa, ona baxılır. Onun müraciətinə reaksiya ya müsbət, ya da mənfi olur. Hər şeydən əvvəl, əfvetmə haqında əsasnamə var. Orada kriteriyalar aydın qeyd olunur. Əlbəttə ki, o kriteriyalarda şəxsin əfv olunmasıyla bağlı - onun etdiyi cinayətin ağırlıq dərəcəsi, ailə vəziyyəti, cəzanın çəkilmə müddəti, cəza müddətində özünü aparması, zərərçəkmişin mövqeyi, dəymiş ziyan, dəymiş ziyanın ödənilməsi vəziyyəti, əvvəllər cinayət edib-etməməsi, əvvəllər amnistiya aktının ona tətbiq olunu-olunmaması, yəni əfvə düşüb-düşməməsi, fərdin sağlamlığı, hansı cinayətləri etdiyi - bütün bunlar nəzərə alınan faktorlardır. Eyni zamanda, bunlar arasında balanslı, ortaq bir tarazlıq, cəmiyyətin, dövlətin müraciət etmiş şəxsin maraqları arasında ortaq balansı müəyyən edə bilməklə Əfv Komissiyası rəylərin hazırlanması haqda qərar qəbul edir, cənab Prezidentə təqdim olunur. Cənab Prezident kimin əfv olunub-olunmaması barədə son qəti qərar qəbul edir. Məsələnin mahiyyəti budur. Ucdantutma kimsə müraciət etdi, elə düşünürsə ki, əfv olunacaq, elə deyil. Əfv Prezidentin hüququdur, onun vəzifəsi deyil. Bu baxımdan da məsələyə bu aspektdən yanaşmaq lazımdır. Elə fikirləşməsinlər ki, kimsə əfv üçün müraciət edirsə, mütləq əfv ounacaq. Əfv humanizm nümunəsidir, mərhəmət və humanizm prinsiplərinə söykənərək qəbul edilən aktdır. Qanunun aliliyi və ədalətlə mərhəmətin görüşdüyü bir yerdir.
- Əliməmməd bəy, hazırda həbsxanalarda cəza çəkən şəxslərin 50 faizə yaxını narkotiklə əlaqədar həbs olunanlardır. Əfv Komissiyası bu şəxslərin də müraciətinə eyni prizmadan yanaşır?
- Əfv Komissiyası istənilən müraciətə baxır. Qanunvericilikdə müraciətə baxılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Qaldı ki, qərarın qəbul edilməsi, rəyin verilməsi ilə bağlı, o başqa bir məsələdir. İstənilən məhkum olunmuş şəxs qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə əməl etməklə müraciət edə bilər. O müraciətə bir sıra xüsusiyyətləri nəzərə alaraq müsbət əsaslarla qərar verilir - cnayət ağır cinayətdirmi, xüsusi amansızlıqla edilibmi və s. Burada çox meyarlar var, o meyarlara uyğun qiymətləndirilmə aparılır və cənab Prezidentə təqdim olunur. O isə son qəti qərar verir.
- Cinayət Məcəlləsinin bir sıra maddələri - xüsusilə narkotik satışı, dələduzluq, oğurluq və s. üzrə həbsdə yatan şəxslər arasında islah olunma faizinin kifayət qədər aşağı olduğu sirr deyil. Əfv Komissiyası müraciətlərə baxarkən məhbusun islah olunma ehtimalını da göz önündən keçirirmi?
- Birinci - etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, ikinci - bunun peşmançılıq məsələsi, üçüncü - cəzanı çəkdiyi müddət, özünün davranışı (cəzaçəkmə müddətində davranışı nədən ibarətdir), ailə vəziyyəti, sağlamlıq, zərərçəkmişin mövqeyi, ziyan ödənilibmi, məsələ ilə bağlı barışıq varmı, həmin şəxsin cəmiyyətdə nüfuzu məsələsi, onun stasusu - şəhid ailəsidirmi- çəkdiyi cəzadan nə qədər qalıb, hansı cinayəti edib, cinayətin ağırlıq dərəcəsi nədir, hansı alətlərlə edib, əgər sabah o əfv olunarsa məhkumun cəmiyyətə real inteqrasiya olmaq imkanları nədən ibarət ola bilər - bütün bunlar kompleks şəkildə qiymətləndirilir. Bu qiymətləndirmə nəticəsində rəy hazırlanır. Bütün bunlar nəzərə alınası faktorlardır. Yəni məhkumun vəziyyəti bir faktora görə qiymətləndirilmir ki, tutualın şəxs filan cinayəti edib, onun 50 yaşı var, yaxud da səhhətində problem var, burada zərərçəkmişin də mövqeyi nəzərə alınmalıdır.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az