Rusiya FSB-si onlayn narkotik satan cinayətkar qrupu saxladı

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi "darknet" şəbəkəsində narkotik satışı ilə bağlı internet saytının idarə olunmasına kömək edən cinayətkar qrupun yeddi üzvünü saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakda və cinayətkar birlik təşkil etməkdə ittiham olunublar.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. Darknet onlayn narkotik satış sxemində saytın stabil fəaliyyətini təmin edən İT şirkətlərindən birinin əməkdaşları iştirak edirmiş. Onlar onlayn narkotik bazarını bloklanmaqdan və sındırılmaqdan qoruyublar və “müasir texnoloji həllər”dən istifadə ediblər. Narkotiklər satışına görə ödəniş qəbul edən kriptovalyuta xidmətinin əməkdaşları da saxlanılıb.

Polis Rusiyanın 8 regionunda təqsirləndirilən şəxslərin evlərində 28 axtarış aparıb. Onların kompüterləri və sənədləri müsadirə edilib.

Bundan əvvəl FSB narkotik vasitələrin Rusiya ərazisindən tranzitlə daşındığı iki kanal aşkarlandığını bildirmişdi. İdarənin əməkdaşları ümumi dəyəri 6 milyard rubldan çox olan 1,8 ton kokain müsadirə ediblər. İşlə bağlı biri Ukrayna vətəndaşı olmaqla 4 nəfər həbs edilib.

Stopnarkotik.az