Rusiya erməni konyakını ölkəyə buraxmır - 60 avtomobil sərhəddə qalıb

Ermənistandan Gürcüstan üzərindən Rusiyaya yük daşıyan avtodaşıyıcılar Rusiya tərəfindən erməni konyakının keyfiyyət yoxlamasının sərtləşdirilməsi səbəbindən “Yuxarı Lars” keçid məntəqəsində çətinliklə üzləşiblər. 

Bu barədə “Azadlıq” radiosu yayıb.

Ermənistanın Rusiyadakı səfirliyinin ticarət attaşesi Vaan Akopyan mövzu ilə bağlı bildirib ki, təqribən 60 avtomobil yoxlama üçün növbədədir.

“Bir neçə gün əvvəl nəzarət gücləndirilib. Əgər əvvəllər konkret ixracatçılar və ya idxalçılar yoxlanılırdısa, indi Ermənistandan gətirilən bütün konyaklar yoxlanılır”.
“The Moscow Times” yazır ki, konyak tədarükü ilə bağlı problemlərin mümkün səbəbi Ermənistanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutunu ratifikasiya etməsi ola bilər. 

Xatırladaq ki, mart ayında bu məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.