Ərinin qətlini sifariş verən qadının məhkəməsi: "Oğlum zəng edib dedi ki..."

Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Öldürülən Əli Seyidlinin anası Pəricahan Seyidova, qardaşı Ayaz Seyidov və təqsirləndirilən Əzizə Seyidovanın nənəsi Həqiqət Əliyeva ifadə məhkəmədə dindirilib.

Pəricahan Seyidovanın sözlərinə görə, hadisə gününə qədər gəlini ilə oğlu arasında heç bir dava olmayıb:
“Oğlum zəng edib dedi ki, hazırlaşın, gəlirəm sizi götürüm, şəhərə gedək. Əzizəyə deyəndə o, getmək istəmədiyini bildirdi. Dedi ki, uşaq yatmalıdır. Mən Əliyə bir də zəng edib dedim ki, uşaq yatmalıdır, maşından düş gəl evə. Elə bu an qışqırıq səsi eşitdim.

Çölə çıxanda Əlini həyətdə qanın içində gördüm. Qucaqladım, kimin etdiyini soruşanda Əli görmədiyini dedi. Elə bir az sonra da qucağımda öldü”.

Mərhumun anası bildirib ki, hadisədən qabaq oğlunun paltarları arasında “siçan dərmanı” tapıb:

“Oğlum hamamda idi, paltar istədi. Gedib götürəndə siçan dərmanını orda tapdım. Heç ağlımdan belə bir hadisənin olacağını, Əzizənin ərini öldürmək istədiyini keçirməzdim”.

Daha sonra, hadisənin digər şahidi, qətlə yetirilən şəxsin qardaşı Ayaz Seyidov ifadə verib:

“Qardaşım Əzizəgili restorana aparacaqdı. Mən də evdə idim. Həyətdə işləyirdim. Küçədən səs-küy gəldi. Qışqırıq eşirdim, “məni vurdular”, dedi. Qardaşım qapını açıb içəri girdi. Üstü- başı qan içində idi. Dedi ki, üç nəfər məni vurdu. Küçəyə qaçdım. O tərəf, bu tərəfə baxdım. Heç kimi görmədim. Əzizə tutulandan sonra anam mənə dedi ki, evdə siçan zəhəri tapıb".

Proses fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı evin qarşısında öldürülüb. Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin törətdikləri məlum olub.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib./apa