“Restoranda sinəsi açıq gəzirdi...” - Ofisiantı qətlə yetirən administrator danışdı

Lənkəranda “Mandarin” restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürməkdə təqsirləndirilən həmin obyektin administratoru Seymur Bayramlının cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Seymur Bayramlı ifadəsində deyib ki, zərərçəkmiş Tosif Nəsirovla münasibəti yaxşı olub, onunla əvvəllər aralarında mübahisəsi qeydə alınmayıb:

“Hadisədən 3-4 gün əvvəl Tosifin özünü müştərilərin yanında yaxşı aparmadığını gördüm. İşlədiyimiz yer ailə restoranı olduğundan onu başa saldım və lakin başa düşmədi. Hadisə günü restoranda müştərilər vardı. Tosifin sinəsinin açıq olduğunu görüb, bu barədə ona təkrar irad bildirdim. Tosif isə mənə aqressiv cavab verdi və birlikdə restoranın həyətinə düşdük. Həyətdə onu ətraflı başa salıb, işini davam etdirmək üçün yenidən yuxarı göndərdim. Bir müddət sonra yuxarı qalxdıqda Tosifin fikirli halda olduğunu və yemək yemədiyini gördüm. Ürəyimdə dolandığı üçün onu yenidən yanıma çağırıb, söhbət edərək başa saldım. Bundan sonra Tosif yemək yeyərək çay içdi. İş vaxtı qurtardıqdan sonra birlikdə maşınla zarafatlaşa-zarafatlaşa evə gəldik. Yolda maşından düşüb evə getdim. Bir az keçəndən sonra Tosif mənə mesaj yazaraq görüşmək istədiyini bildirdi. Ona zəng etdim, nə məsələ olduğunu soruşdum. Tosif təkidlə görüşmək istədiyini söylədi və şəhərə gəlməyimi bildirdi. Ona gecə olduğu üçün məhəllədə taksi olmadığını, yaxın ərazidəki “Kürə” adlanan yerdə yerləşən çayxanaya gəlməsini, orada görüşə biləcəyimi dedim. Bir müddət sonra Tosif zəng edərək həmin yerin yaxınlığında olan qəbiristanlığa gəlməyimi qeyd etdi. Evdən çıxıb ayaqqabılarımı geyinəndə gözümə bıçaq sataşdı və onu piyada gedəcəyimə görə yolda itləri qorxutmaq, özümü müdafiə etmək üçün lazım olar deyə özümlə götürdüm. Sonra Tosifin dediyi yerə gəlib onunla görüşdüm. Orada Tosifdən başqa bir neçə nəfərin də olduğunu gördüm. Onunla həmin şəxsləri nə üçün çağırdığını dedim. Həmin vaxt Tosif yaxamdan yapışıb başı ilə zərbə vurdu. Bu zaman arxadan da başıma zərbə dəydi. Zərbənin təsirindən başımdan qan axmağa başladı. Bundan sonra mən də onu vurmağa başladım. Mən yerə yıxıldım, həmin şəxslər də vurmağa davam edirdilər. İkinci dəfə yerdən qalxanda cibimdəki bıçaq yadıma düşdü. Bıçağı çıxarıb özümü qorumaq üçün sağa, sola hərəkət etdirdim. Birdən bıçağın kiməsə dəydiyini hiss etdim. Bıçaqla kimisə vurmaq fikrim yox idi. Sonra onlardan ayrılıb başımdan qan gəldiyi üçün yıxıla-yıxıla evə gəldim. Evdə başıma yod vurub könüllü təslim olmaq üçün polisə getdim. Polis Şöbəsinin qarşısında bir polis əməkdaşına yaxınlaşıb, hadisəni ona danışdım. Sonra onunla birlikdə Polis Şöbəsinə daxil olub özümü könüllü təqdim etdim. Əməlimdən peşmanam”.

Məhkəmənin hökmü ilə 1992-ci il təvəllüdlü Seymur Bayramlı 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2022-ci il noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./pravda.az