Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr Elmidar Məmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə növbəti məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilərək E.M. və Q.N. hər biri 7 il 9 ay azadliqdan məhrum edilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Q.N. və E.M.doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada E.M. bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.
Hadisədən sonra yeniyetmələr saxlanılıb. Hər ikisinə qarşı CM-nin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb./"unikal"