Bakıda kişi arvadını və qayınatasını öldürüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə lent.az-a öldürülən qayınata 52 yaşlı Bədəlov İlqar Mirzəağa oğlunun qardaşı Anar Bədəlov məlumat verib.
Onun sözlərinə görə, hadisə bir müddət əvvəl Bakının Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. Kürəkən 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə atasına köməyə gələn arvadı 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib.
Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb. Onun barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda rayon prokurorluğunda istintaq araşdırması davam edir.
Anar Bədəlovun sözlərinə görə, qardaşı qızı 14 il əvvəl ailə qurub:
“14 il əvvəl qardaşım qızını Hikmətlə nişanladıq. Sonra nişanı qaytardıq. Ancaq Hikmət gəlib Bənövşəni qaçırdı. Sonra atası və dayısı ilə birgə Siyəzənə barışığa gəldilər. Yolda qəzaya düşdülər və atası Bəylər öldü. Maşın Hikmətin dayısına məxsus idi. Ondan sonra qardaşımgilə qarşı kinli oldu. Sonradan öyrəndik ki, heç bu 14 il ərzində Bənövşə ilə də yaxşı dolanmayıblar. Daim incidib və küsülü olublar. Qardaşım qızını övladları ilə birgə öz evinə gətirib. Hikmət gəlib qardaşıma yalvarıb ki, ailəmi dağıtma, borcum var sizinlə bir yerdə qalaram. Qardaşım İlqar onun borclarını da ödəyib, işlə də təmin edib. Bir gecə Hikmət növbədə olarkən qayınanasını aldadıb onu növbəyə qoyub və evə gəlib. Yatdığı yerdə qardaşımı bıçaqlayıb. Bənövşə ona köməyə gələrkən onu da öldürüb. Hadisənin dəqiq səbəbini bilmirik”.