Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Məmmədov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd: Rəsmi məlumata əsasən, 2021-ci il martın 29-da Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olunub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Rahib Məmmədov cinayətə səbəb hadisədən iki il əvvəl ondan ayrılmış, faktiki nikahda olmuş arvadının ayrılmasına və övladlarının ondan ayrı yaşamasına keçmiş qayınatası Sabir Əmirov və onun qardaşı, digər zərərçəkmişin olduğunu düşünüb. Buna görə də o, hər iki şəxsi öldürmək qərarına gəlib./pravda.az