Qayınanasını öldürərək evi yandırmaqda təqsirli bilinən Səbuhi Babayevin cinayət işi üzrə təfərratlar məlum olub.
Stopnarkotik.az ölke.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda baş verib. Rayonun Mehdiabad qəsəbəsində Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.
Araşdırmalar zamanı M.Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.
İş üzrə dindirilmiş Səbuhi Babayev ifadəsində bildirib ki, Samux rayonunda qeydiyyatda olsa da, təxminən 2 il yarım Mehdiabad qəsəbəsində Məlahət Rəsulova və arvadı Aysellə birlikdə yaşayıb. Aysellə rəsmi nigah bağlayıblar. Qız toyu olsa da, oğlan toyu olmayıb. Qız toyu olandan sonra Ayseli Gəncə şəhərinə aparmaq və orada yaşamaq istəyi Məlahət Rəsulovanın isə hər dəfə buna etiraz etməsi səbəbindən qayınanası ilə aralarında mübahisələr yaranmağa başlayıb.
İyulun 26-da səhər saat 6 radələrində namaz qılmaq üçün onların hər üçü yuxudan oyandıqdan sonra da qayınanası ilə arasında mübahisə yaranıb. Mübahisəyə səbəb oğlan toyundan ötrü Gəncə şəhərinə getməkləri və Rəsulovanın toydan 10 gün sonra onların geri qayıtmasını tələb etməsi olub. Səbuhi Aysellə toydan sonra geri qayıtmayacağını dedikdə Məlahət onu nəlayiq sözlərlə təhqir edib. O, yumruğunu bərkidib qadının üzərinə getmək istədik də, Aysel onu çölə çıxarıb və onlar bilrikdə arvadının iş yerinə gediblər.
Səbuhi Babayev ifadəsinin davamında bildirib ki, bir müddət sonra evə gəldikdə həyət darvazasının açıq olduğunu görüb və evə daxil olub. Məlahətin otaqda oturub şəkillərə baxdığını görüb. Qayınanasına onları nə üçün rahat buraxmadığını və şəxsi işlərinə qarışdığını deyəndə sonuncu onu söyərək təhqir edib. Məlahət haqqlı olduğunu və toyun Gəncə şəhərində olmasına imkan verməyəcəyini deyib. Rəsulova əsəbləşərək evi və özünü yandıracağını bildirən də Babayev evin zirzəmisindən ağ plastik qabda yandırıcı maddə gətirib qayınanasına verib. Özü isə siqaret çəkməyə çıxıb.
Qayınanası mayeni Aysellə onun otağında olan paltarların üstünə töküb. Səbuhi dəhlizdə siqatret çəkən zaman kibrit səsi eşidib. Otaqdakı paltarlar yanmağa başlayıb. Səbuhi yumruqla Məlahətin sinəsindən bərk zərbə vurduqda sonuncu arxası üstü pilləkənlərlə yıxılıb. Buna baxmayaraq qadın ayağa qalxaraq səndələyə-səndələyə onun üzərinə gəlib. Həmin an Səbuhi var qüvvəsi ilə Məlahətin boğaz nahiyyəsinə daha bir zərbə endirib. Rəsulova xırıldamağa başladıq da, onu pilləkəndən aşağı itələyib. Daha sonra qucağına alıb yataq otağına gətirərək çarpayının üzərinə uzadıb. Əli ilə nəbzini yoxladıqda zəif vurduğunu hiss edib. Bundan sonra həmin plastik qabda olan alışdırıcı maddəni onun otağına yerə tökərək alışqanla yandırıb. Sonra isə evdən çıxaraq Ayselin yanına gedib.
Yoldaşı ilə görüşəndən sonra birlikdə evə qayıdıblar. Evin zirzəmisindən tüstü çıxdığını görən Aysel anasını axtarmaq üçün evin içərisinə daxil olub. Səbuhi isə zirzəmiyə düşüb. Otaqlara baxdıqda qayınanasını tapa bilməyiblər. Dərhal Ayselin nömrəsindən FHN-nin Yanğından Mühafizə Xidmətinə, DİN-nin "102" xidmətinə və Təcili Tibbi Yardıma zəng edib. Ayselin qışqırığına qonşularda həyətə gəlib. Qonşulardan biri ilə Məlahətin otağına daxil olduqda adını bilmədiyi həmin şəxs ona qadının divarla çarpayının arasında yarım oturaq vəziyyətdə qaldığını deyib. Səbuhi meyiti çölə çıxarmaq istəyib. Lakin qonşu ona əl vurmamasını tapşırıb. Daha sonra hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəliblər.
Zərərçəkmiş şəxs qismində tanınan Aysel Rəsulova bildirib ki, Səbuhi Babayevlə iki il əvvəl tanış olub. Səbuhi mütəmadi onun anası ilə birlikdə yaşadığı evə gəlib gedib. Hərdən də bir neçə gün onların evində gecələyib.
2013-cü ildə Səbuhi hansısa cinayət törətdiyini görə 1 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü ilin iyun ayında onlar rəsmi nigah bağlayaraq yaşadıqları evin həyətlndə qız toyu ediblər. Oğlan toyunu isə iyul ayının sonunda avqust ayının əvvəllərində Gəncə şəhərində etmək istəyiblər. Oğlan toyunun gecikməsinə səbəb Səbuhinin ailəsinin maddi imkanının zəif olması olub.
Səbuhi həbsxanadan çıxdıqdan sonra onların evində qalıb. Bu müddət ərzində də münasibətləri pisləşməyə başlayıb.
Aysel aəlvə edib ki, iyulun 26-da işdə olduğu zaman saat 10:30-da anasının mobil nömrəsindən ona zəng gəlib. Zəngə cavab verdikdə heç kimin danışmadığını və telefondan xırıltılı qarışıq səs gəldiyini eşidib. Həmin zəngdən 5 dəqiqə sonra anasının nömrəsində onun telefonuna "qonşu ilə dalaşdıq polisə zəng vuracam" mətnli sms gəlib. Mesaj onu narahat etdiyindən o, anasına zəng edib amma telefon sönülü olub. İşdən çıxaraq evə gəlib və anasını o vəziyyətdə görüb. Yalnız polis şöbəsində o bilib ki, anası əri Səbuhi Babayev tərəfindən qəsdən öldürülüb və sonra o törətdiyi cinayəti gizlətmək məqsədi ilə evi yandırıb.
Məhkəmə prosesində Səbuhi Babayev ittiham üzrə özünü təqsirli hesab edib.
Sonda məhkəmənin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.