Qarpız üstündə düşən mübahisə ölümlə bitdi - Sumqayıtdakı qətlin təfərrüatı

Sumqayıt şəhərində qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Sumqayıt şəhər ərazisində baş verib. Əvvəllər məhkum olunmuş Kamil Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu Rasim Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Elə həmin gün Kamil Məmmədov Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Kamil Məmmədov ifadəsində bildirib ki, Rasim Məmmədovu 2005-ci ildən qonşu kimi tanıyıb. 

İyunun 25-də işdən sonra Sumqayıtda, sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bokal pivə içəndən sonra təxminən saat 21 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar qəsəbəsinə gəlib.

Qonşusunun evinin qarşısından keçərkən Rasimi görüb maşını saxladıb. Binanın qarşısında meyvə-tərəvəz alveri edən qonşusundan qarpız olub-olmamasını soruşub. Cavab olaraq sonuncu acıqlı tərzdə ona qarpız satmadığını dedikdə, bu söz Kamilə pis təsir edib. 

O, avtomobildən düşüb qonşusuna yaxınlaşaraq kobud və narazı şəkildə danışmasının səbəbini soruşub. Rasim isə onun yenə içkili olduğunu və gedib işi ilə məşğul olmasını deyib. Ardınca söyüşlər söyüb, əl-qol ataraq onun əynindəki köynəyini cırıb.  

Rasimin kənar şəxslərin yanında söylədiklərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə qaçıb mətbəxdən bıçaq götürüb geri qayıdıb. Rasimi küçədə qohumunun evinin qarşısında oturduğunu görən Kamil yaxınlaşaraq bıçaqla ona bir neçə zərbə vurub. Bu vaxt ətrafda olan şahidlər hücum edib yumruq təpik vurmaqla, ona sonrakı zərbələri endirməyə imkan verməyiblər. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İstintaqın sonunda Kamil Məmmədovun əməli CM-nin 120.2.2 (xuliqanlı niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. 

Məhkəmə prosesində Kamil Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmə araşdırılan sübutlara qiymət verərək Məmmədovun CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını və bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş hesab edib. 

Sonda məhkəmənin hökmü ilə Kamil Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib./olke.az