Qadınları evində müqavilə imzalatdırıb, fahişəliyə cəlb edən şirkət rəhbəri kimdir? - TƏFƏRRÜAT

"Naz Studio" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nazlı Süleymanova barəsində məhkəmə qərar verib.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Nazlı Süleymanova Bakıda səyyar masaj xidməti göstərmək adı ilə qurduğu şirkətinin intim xidmətlər göstərməsi səbəbindən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılan araşdırma zamanı məlum olub ki, Nazlı Süeymanova 29 sentyabr 2021-ci il tarixdə "Naz Studio” MMC-ni təsis edib və şirkətinin fəaliyyət istiqaməti səyyar masaj xidməti göstərməkdən ibarət olub. Bununla bağlı müxtəlif elan saytlarında vakansiya elanları yerləşdirib və masaj xidməti göstərmək istəyən xanımlarla "Whatsapp” vasitəsilə əlaqə saxlayıb. Daha sonra onlardan şəkillərini göndərmələrini xahiş edib. Bəyəndiyi qadınları evinə çağıraraq, quraşdırdığı video müşahidə kamerasının altında şirkətin adından tərtib etdiyi müqaviləni imzalatdırıb.

Bundan sonra ona masajla bağlı müraciət edən müştərilərə xidmət göstərəcək qadınların şəkillərindən ibarət olan kataloqu "Whatsapp” vasitəsilə göndərib. Müştəri bəyəndiyi halda qadınları onların olduğu ünvana yollayıb.

İntim xidmət göstərmək istəməyənlər qadınları təhqir edib və hədələyib. Etiraz edənlər arasında Aybəniz, Şəfa, Nuranə, Hülya, Zümrüd adlı qadınlar da olub. Onlar məhkəmə ifadələrində Nazlı Süleymanovadan şikayətçi olduqlarını deyiblər. Qadınların "xidmət haqqı” işə görə 100 manatdan 300-400 manat arasında dəyişib.

Məhkəmənin qərarı ilə Süleymanova Nazlı Qadir qızı Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3.500 manat cərimə cəzası təyin edilib. Həmin məcəllənin 69.4-cü maddəsinə əsasən Nazlı Süeymanova həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 1 gün nərəzə alınmaqla üzərində qəti olaraq 2.600 manat cərimə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.