Putin hərbi çağırış qaydalarını dəyişir - Bu şəxslər ölkədən çıxa bilməz...

Vladimir Putin Müdafiə Nazirliyinə 2024-cü ilin payız çağırışını hərbi xidmətə cəlb olunanların vahid reyestrindən keçirməyi, habelə hərbi komissarlığa gəlmədən hərbi qeydiyyatın təmin edilməsini və elektron çağırış vərəqələrinin yaradılmasını tapşırıb.

Bu barədə Prezidentin Kremlin saytında dərc edilmiş göstərişində deyilir.

Putin Müdafiə naziri Sergey Şoyqu və Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayevi vahid reyestr və elektron çağırış vərəqələrinin verilməsinə cavabdeh təyin edib. Onlar yanvarın 15-də verdikləri tapşırıqların nəticələri ilə bağlı hesabat təqdim etməlidirlər. Vahid reyestrin tətbiqi ilə bağlı son tarix isə 2024-cü il noyabrın 1-i müəyyən edilib.

Xatırladaq ki, aprelin 11-də Rusiya Dövlət Duması Rusiyada hərbi xidmətə çağırış prosedurunu və hərbi qeydiyyatın vahid reyestrinin yaradılmasını tənzimləyən qanun layihəsinə dəyişiklikləri qəbul edib. Aprelin 14-də Vladimir Putin qanunu imzalayıb.

Vahid elektron reyestrdə hərbi qulluqçuların şəxsi məlumatları, o cümlədən yaşayış yeri və hərbi ixtisasları barədə məlumatlar yer alacaq. Bazadakı məlumatlar müvafiq dövlət resurslarından avtomatik qəbul ediləcək.

Yeni düzəlişlər elektron çağırışları qanuniləşdirir. Onlar Dövlət Xidmətlərindəki şəxsi kabinetlərə göndəriləcək. Bundan əlavə, düzəlişlər hərbi xidmətə çağırılmalı olan vətəndaşlara çağırış vərəqəsini aldığı andan hərbi komissarlığa gələnə qədər Rusiyanı tərk etməyi qadağan edir.

Bu yenilik hərbi xidmətə çağırılan və ya hərbi xidmət keçməli olan rusiyalıların ciddi narahatlığına səbəb olub. Dövlət Dumasının qəbul etdiyi qanuna əsasən, çağırış vərəqəsi elektron reyestrdə göründüyü və ya ünvan sahibinin oxuyub-oxumadığından asılı olmayaraq Dövlət Xidmətlərinə göndərildiyi andan çatdırılmış hesab ediləcək. Bu andan etibarən gəlməməyə görə inzibati məsuliyyət yarana bilər. Əvvəllər güman edilirdi ki, elektron reyestr 2023-cü ilin sonuna kimi fəaliyyətə başlayacaq. Amma göründüyü kimi, həmin müddət gələn ilin noyabrınadək uzadılıb.