Bu gün 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.
Vəkil Qurban Səfərov vəsatətdə bildirib ki, artıq 1 il 6 aydır ki, Camal Həsənovun məhkəməsi keçirilir:
“Amma Camalın qətli törətməsi ilə bağlı heç bir dəlil yoxdur. 17 nəfər şahiddən isə yalnız 1 nəfər dindirilib. Şahidlərin dindirilməməsinə səbəb isə onların Rusiyada yaşamasıdı.
1 dənə də mötəbər sübut olmadan Camal Həsənov təcridxanada saxlanılır. Xahiş edirəm ki, Camal Həsənov fakt təsdiqlənənə qədər ev dustaqlığına buraxılsın”.
Prokuror vəkilin vəsatətinə cavab olaraq, təmin edilməməsini istəyib:
“Camal Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinir. Həm də hadisə xarici ölkədə baş verib. Camal hadisədən dərhal sonra ölkəni tərk edib. Buna görə də ev dustaqlığına verilməsini dəstəkləmirəm. Xahiş edirəm ki, vəsatət təmin edilməsin”.
Hakim vəsatətlə bağlı Camal Həsənova söz verib.
O, Cabir Həsənovu qətlə yetirmədiyini, ümumiyyətlə kriminal aləmlə əlaqəsi olmadığını deyib:
“Mən özüm 2018-ci ildə axtarışa verilməyimlə bağlı DİN-ə müraciət edib kağız almışam. Özüm öz istəyimlə ifadə vermişəm. Həm prokurorluğa, həm də DİN-ə. Hadisə zamanı Rusiyadan ölkəyə gəlmişəm deyə cinayəti mən törətmiş sayılmıram. Bir nəfərin verdiyi yalan ifadə ilə məni tutublar”.
Hakimlər müşavirəyə gedib. Nəticədə qərara əsasən, vəsatət təmin edilməyib.
Camal Həsənov hakimin qərarına etiraz edib:
“Mən məhkəmə prosesinin keçirilməsindən razı deyiləm. Heç bir proses düzgün aparılmır. Məhkəmə tərkibin dəyişməsini tələb edirəm. Vəkilim bununla bağlı yazılı ərizə təqdim etsin”.
Məhkəmə prosesinin gedişində təqsirləndirilən Camal Həsənovun digər vəkili vəsatət qaldıraraq Nazim Nüsrətovun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib:
“İstintaqda ifadə verən Nazim Nüsrətovun dedikləri sübut kimi göstərilərək Camal Həsənov tutulub. Vəsatət qaldırıram ki, Nazim Nüsrətovun ifadəsi sübutlar siyahısından çıxarılsın. Çünki heç bir əsaslı səbəb yoxdur”.
Hakimin qərarı ilə vəsatət təmin edilməyib.
Proses sentyabrın 29-da davam etdiriləcək.
Baş vermiş hadisə barədə qısa xatırlatma:
Hadisə 2017-ci ildə Rusiyada baş verib. Belə ki, “Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov qətlə yetirilən Cabir Həsənovun kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu qətlə yetirilməsində iştirak dediyini eşidib. Bu səbəbdən onu öldürmək üçün Rusiyaya gedib.
“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedərək C.Həsənovu odlu silahdan istifadə edərək güllələyərək öldürüb.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Nəticədə Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham verilib./lent.az