Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi yanvarın 25-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Rahim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.
Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa çıxan prodüser, ötən il qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb./apa