Penitensiar Xidmət “narkotik məhbusları”nı açıb buraxır... – DAHA 20 NƏFƏR AZADLIQDA!

Stopnarkotik.az iyun ayının əvvəlində Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 200 nəfər iranlı məhbusun ekstradisiyasına hazırlıq getdiyi haqda məlumat vermişdi. Saytımıza daxil olan məlumat əsasında qeyd etmişdik ki, həmin məhbusların İrana ekstradisiya olunması ilə bağlı Penitensiar Xidmət tərəfindən məhkəməyə müraciət olunub, yaxın günlərdə onlarla bağlı qərar çıxarılacaq.

Onu da vurğulamışdıq ki, sözügedən məhbuslar müxtəlif vaxtlarda narkotik qaçalmalçılığı ilə bağlı həbs olunublar. “Onların bir çoxunun “içəri”də də boş oturmadıqları, mütəmadi olaraq bayırdakı biznes ortaqları ilə təmasda olduqları haqda bilgilər var. Təbii ki, belə olduğu halda həmin şəxlərin islah olunmasından söhbət gedə bilməz. Üstəlik, onu da nəzərə alsaq ki, son dövrlər İrandakı molla rejimi Azərbaycan dövlətini açıq-aşkar narkotiklə təhdid etməkdədir, deməli, sözügedən narkotacirlər ekstradisiyadan dərhal sonra azadlığa qovuşacaqlar. Çünki onlar Tehranın ölkəmizə qarşı “narkotik savaşı”nın önəmli detallarıdır və molla rejimi yenidən bu və ya digər şəkildə həmin şəxslərdən istifadə etməyə çalışacaq. Bu isə o deməkdir ki, 200 narkotacirin eyni vaxtda azadlığa qovuşması ölkəmiz üçün yeni problemlərə gətirib çıxaracaq”, - deyə məqaləmizdə müvafiq qurumların diqqətinə çatdırmışdıq.

Yeri gəlmişkən, həmin yazı saytımızda dərc olunandan dərhal sonra İranın Azərbaycandakı səfirliyi tələm-tələsik açıqlama yayaraq bildirdi ki, söhbət 200 deyil, 20 nəfər məhbusdan gedir: “Tezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus İrana ekstradisiya olunacaq. Həmin məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər”.

Səfirlik onu da etiraf etdi ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

“İran səfirliyi xoşməramlılıq və əməkdaşlığına görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir”, - deyə sonda səfriliyin bəyanatında vurğulanırdı.

Əslində, səfirliyin açıqlamasında Stopnarkotik.az saytının informasiyası dolayısı ilə təsdiq olunurdu. Belə ki, biz də öz yazımızda sözügedən 200 nəfərin eyni gündə deyil, tədricən ekstradisiya olunmasına hazırlıq getdiyindən bəhs etmişdik. Yəni faktiki olaraq 200 nəfərin siyahısı mövcud idi və artıq onların hər birinin İrana təhvil verildiyinə, hətta azadlıqda olduqlarına şübhə yoxdur...

Qeyd edək ki, həmin ərəfədə Penitensiar Xidmətin bu addımı cəmiyyətdə çox ciddi narazılığa səbəb olsa da, qurum öz əməllərini davam etdirir. Doğrudur, bu dəfə söhbət iranlı məhbuslardan və hansısa ekstradisiya prosesindən deyil, “cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən” vətəndaşlarımızdan gedir. Hansı ki, artıq azadlığa qovuşan şəxslərin təxminən yarısı, 20 nəfərdən çoxu məhz narkotiklə əlaqədar həbs olunanlardır. 

Əlbəttə, cəza müddətinin 2/3-ni çəkmiş şəxslər Penitensiar Xidmətin təqdimatı əsasında məhkəmə tərəfindən azad oluna bilər, bütün bunlar anlaşılandır. Lakin bu gün bizim üçün anlaşılmaz odur ki, niyə “cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən” şəxslərin böyük əksəriyyəti məhz narkotik ittihamı ilə həbsə atılanlardır. Penitensiar Xidmətin rəhbərliyində baş verən kadr dəyişikliyindən sonra da keçmişdən qalma “ənənə”nin davam etdirilməsi xüsusilə düşündürücüdür...

Məlumat üçün bildirək ki, Penitensiar Xidmətin yeni rəhbərliyinin təqdimatı ilə azadlığa çıxan şəxslər əsasən Cinayət Məcəlləsinin 234.4.3-cü (Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma. Maddə 234.4.3. – Külli miqdarda törədildikdə) və 206-cı (Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə azadlıqdan məhrum edilmiş şəxslərdir. Maraqlıdır, ölkəmizdə “narkotik böhranı” yaşandığı bir ərəfədə Penitensiar Xidmət hansı məntiqlə narkotik tacirlərinin və qaçaqmalçılıqla məşğul olan şəxslərin “islah olunduğunu” düşünür və məhkəmədən onları azad etməyi xahiş edir?!

Ən dəhşətli məqam isə odur ki, bütün cəmiyyət, rəsmi idarələr, media nümayəndələri, blogerlər ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunub, DİN, DSX, eləcə də digər aidiyyəti qurumların əməkdaşları silahlı narkotik tacirlərinə qarşı əməliyyatlar zamanı tez-tez ölüm təhlükəsi ilə üz-üzə qalırlar, Penitensiar Xidmət isə cəzalarının 1/3-i qalan kimi onları “açıb buraxır”. Üstəlik, həmin şəxslər ən çoxu 2-3 il sonra azadlığa çıxacaqlarını düşünərək, yenidən öz qanunsuz əməllərini davam etdirib, gənclərimizin həyatını məhv edir.   

Bəzən rəsmi şəxslər tərəfindən qeyri-rəsmi ortamlarda belə ifadələr işlədilir ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhbusların sıxlığı yaşandığından, bu qurum cəzasının 2/3-ni çəkmiş şəxsləri azad etməyə məcburdur və başqa yolu yoxdur. Təbii ki, bunlar sadəcə bəhanələrdir və bəzi işbazların qanunsuz yollarla ciblərini doldurmaq niyyətini gerçəkləşdirməkdən başqa bir şey deyil.

Digər tərəfdən, türmələrdə sıxlıq yaşanması o demək deyil ki, narkotik cinayəti ilə həbs olunan məhbusları açıb buraxmaq lazımdır! Bəllidir ki, bu gün Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan 27 min nəfərin 15-16 min nəfəri narkotik ittihamı ilə həbs olunub və onların böyük əksəriyyəti isə bu və ya digər şəkildə İranla bağlıdır. 44 günlük Qarabağ savaşından sonra İran tərəfindən ölkəmizə qarşı “narkotik savaşı” aparıldığı bir ərəfədə sözügedən “narkoməhbus”ları azad etmək molla rejiminin “çörəyinə yağ çəkmək” deyilmi?! Hər halda müvafiq qurumlar bu haqda bir daha düşünməlidir!

Stopnarkotik.az

P.S. Dəyərli oxuculara da bəllidir ki, Stopnarkotik.az saytı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində iddia olunan məhbus sıxlığını aradan qaldırmaq üçün müvafiq təkliflər irəli sürüb. Məsələn, biz həm bu problemin həlli, həm də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin müsbət nəticə ilə sonuclanması üçün “narkotik məhbusları” üçün ayrıca həbsxana tikilməsinin zəruri olduğunu qeyd etmiş və bunun üçün Belarus nümunəsini misal göstərmişik. Odur ki, məhbus sıxlığı səbəbindən bütün narkotik tacirlərini azad etməkdənsə, bu haqda düşünmək daha doğru olar...