Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanalarında cəza çəkən 200 nəfər iranlı məhbusun ekstradisiyasına hazırlıq gedir.
Stopnarkotik.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata əsasən, həmin məhbusların İrana ekstradisiya olunması ilə bağlı Penitensiar Xidmət tərəfindən məhkəməyə müraciət olunub. Yaxın günlərdə hər bir məhkumla bağlı ayrı-ayrılıqda qərar çıxarılacağı gözlənilir.
Qeyd edək ki, sözügedən məhbuslar müxtəlif vaxtlarda narkotik qaçalmalçılığı ilə bağlı həbs olunublar. Onların bir çoxunun içəridə də boş oturmadıqları, mütəmadi olaraq bayırdakı biznes ortaqları ilə təmasda olduqları haqda bilgilər var. Təbii ki, belə olduğu halda həmin şəxlərin islah olunmasından söhbət gedə bilməz.
Üstəlik, onu da nəzərə alsaq ki, son dövrlər İrandakı molla rejimi Azərbaycan dövlətini açıq-aşkar narkotiklə təhdid etməkdədir, deməli, sözügedən narkotacirlər ekstradisiyadan dərhal sonra azadlığa qovuşacaqlar. Çünki onlar Tehranın ölkəmizə qarşı “narkotik savaşı”nın önəmli detallarıdır və molla rejimi yenidən bu və ya digər şəkildə həmin şəxslərdən istifadə etməyə çalışacaq. Bu isə o deməkdir ki, 200 narkotacirin eyni vaxtda azadlığa qovuşması ölkəmiz üçün yeni problemlərə gətirib çıxaracaq.
Ən dəhşətlisi isə odur ki, həmin məhkumların qarşılıqsız olaraq ekstradisiya edilməsindən söhbət gedir. Yəni 200 məhkumun qarşılığında İranda həbsdə olan bircə nəfər belə, azərbaycanlı məhbusun azadlığı tələb olunmur.
Maraqlıdır, belə bir vəziyyətdə iranlı məhkumların azadlığa qovuşmasında hansı məmurlar maraqlıdır və onlar nəyin qarşısında bu addımı atırlar? Bu və ya digər suallara tezliklə cavab tapmağa çalışacağıq. Bizi izləyin.
Stopnarkotik.az
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.