Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Azər Cavanşir oğlu Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.
Azər Əsgərovun vəkili çıxış edərək müvəkkilinin zərərçəkənlərlə pul məsələsinin mülki formada olduğunu qeyd edib: "Azər pulu biznes qurmaq niyyəti ilə alıb, türk vətəndaşlarını aldatmaq niyyəti olmayıb. Xahiş edirəm bu işdə dələduzluq əməli olmadığı üçün müvəkkilimə bəraət verəsiniz".
Bundan sonra Azər Əsgərov son söz nitqi ilə çıxış edib: "Mən istəyirəm məhkəmənin bundan sonrakı mərhələsi müəyyən ailə sirləri olduğu üçün qapalı keçirilsin".
Hakim müşavirə etdikdən sonra təqsirləndirilən şəxsin vəsatətini təmin edib.
Son sözdən sonra hakim Səbinə Məmmədzadə hökmü elan edib. Azər Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ziya Mansurov təqsirləndirilən Azər Əsgərovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, cinayət işində 3 nəfər zərərçəkmiş var və dəymiş ziyanın ümumi miqdarı 2 milyon 270 min manatdır.
Xatırladaq ki, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan A. Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub.
O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.
Başqa bir tanışına isə A.Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.
Bundan başqa A.Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.
Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
A.Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib./"unikal"