2023-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 15 min 759 cinayət hadisəsi törədilib ki, onların 87,4 %-nin açılması təmin olunub.
Stopnarkotik.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bugün Bakı şəhər prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirib.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətlərindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 %-nin ödənilməsi təmin olunub.
Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib.