Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.
Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb:
“Həmin günü atamın tövlədən kənara getməsini gözlədim. Atam gedəndən sonra Könül tövlədə idi. Fürsətdən istifadə edib Könülü öldürməyin tam vaxtı olduğunu düşündüm. Baltanı əlimə alaraq tövlənin içərisinə daxil oldum. Həmin vaxt qızlarım tövlənin içərisində girişdən sağ tərəfdə oynayırdılar, arvadım isə tövlənin içərisində sol tərəfdə yerləşən at bağladığımız arakəsmədə idi. Könül kürəyinə şal vasitəsilə oğlumu bağlamışdı. Könül arxası mənə tərəf divara sarı əyilib ot yığırdı. Onu arxadan vurmaq istəmədim, üzünü mənə tərəf dönməsini gözlədim, lakin Könülə heç nə demədim. Arvadım isə mənim arakəsməyə daxil olduğumu görmədi. Könül dikələrək üzünü arxaya, yəni mənə tərəf döndərən anda hər iki əlimlə tutduğum baltanın küpü ilə onun başının sol tərəfinə zərblə vurdum. Arvadım mənim vurduğumu gördüyü an qolunu qaldırıb başını tutdu. Balta ilk olaraq Könülün sol qoluna, sonra başına dəydi. O, “ay mama” deyərək səndələyib arxası üstə yerə yıxıldı. Oğlum da Könülün kürəyində idi, lakin arvadımı vurarkən oğlumu öldürmək məqsədim yox idi. Oğlumu öldürmək məqsədim olmadığı üçün məhz Könülün üzünü mənə tərəf döndərməsini gözlədim. Arvadım yerdə hərəkətsiz halda olarkən ikinci dəfə onun başının səhv etmirsə sağ tərəfinə baltanın küpü ilə bir zərbə endirdim. Bundan sonra geri dönüb arakəsmədən çıxdım. Arakəsmədən çıxanda tövlədə oynayan uşaqları qışqırıq səslərini eşitdim. Tövlənin giriş qapısına yaxın atamla rastlaşdıq, əlimdə balta olduğunu gördü. Məndən baltanı istədi. Baltanı ona verib, çölə çıxdım və Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, arvadımı öldürdüyümü bildirdim. Tövlədə böyük qızımın “anam öldü” deməsini eşitdim. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Könülü vurmamışdan əvvəl gərək uşaqlarımı çölə çıxarardım, buna görə səhv etmişəm”./pravda.az