“Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiq edilib.
Stopnarkotik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qaydaya əsasən, Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XII hissəsinə əsasən hazırlanmışdır və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.
Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bank hesabına yığılır.
Bu Qaydada istifadə olunan anlayışlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.