2022-ci il iyulun 18-də Binəqədi rayonu Biləcəri qəsəbəsində 1983-cü il təvəllüdlü Şəmiddin Quluyev qətlə yetirilir.
Məlumatla əlaqədar, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, hadisə Biləcəri qəsəbəsi, “1 may” Yeni Yaşayış massivində yerləşən ticarət mərkəzində baş verib.
Hadisədən bir neçə saat sonra Nərimanov Rayon Polis İdarəsinə könüllü gələn Vüsal və Rafael Yusubovlar Biləcəri qəsəbəsində adam öldürdüklərini bildirərək təslim olublar.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Şəmiddin Quluyevin bədən səthində səkkiz ədəd bıçaq yarası aşkar edilib.
Rafael Yusubov 1987-ci ildə Rusiya Federasiyasının Amur vilayətində anadan olub, əvvəllər məhkum olunmayıb. Vüsal Yusubov isə 1999-cu ildə Bakı şəhərində anadan olub. Səbail Rayon Məhkəməsinin 2020-ci il tarixli tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 180. 2.1-ci (soyğunçuluğa cəhd, qrup halında törədildikdə) maddəsi ilə məhkum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyulun 13-də Vüsal Yusubov vəfat etmiş nənəsi Bahar Yusubovanın yas mərasimində qardaşı Rafaellə birlikdə iştirak edərkən əmisi Oqtay Yusubovun qayını Şəmiddin Quluyev onlara tərs baxıb. Bu isə Vüsalın xoşuna gəlməyib və hiddətinə səbəb olub. Bunu əsaslı səbəb olmadan özünə və qardaşına qarşı təhqir hesab edən Vüsal ayın 17-də Nərimanov rayonunda yaşadığı evdə olanda Rafaelə yas mərasimində tərs baxdığına görə Şəmiddini öldürməsini təklif edib. Qardaşı razılığını verdikdən sonra növbəti gün saat 14 radələrində birlikdə Biləcəri qəsəbəsində yerləşən ticarət mərkəzinə yollanıblar. Tanımadıqları şəxsdən Şəmiddin Quluyevə məxsus mağazanın yerini öyrənib 4-cü sıra, 146 nömrəli santexnika mallarının satışını həyata keçirən dükanın qarşısına gəliblər. Razılaşdıqları plana uyğun olaraq Rafael Yusubov kənar şəxslərin hadisəyə müdaxilə etməməsi üçün mağazanın qarşısında dayanıb. Vüsal Yusubov içəri daxil olub masa arxasında oturan Şəmiddin Quluyevə yaxınlaşıb və bıçaqla bədəninin müxtəlif nahiyələrinə fasiləsiz çoxsaylı zərbələr endirib. Bu zaman Rafael də dükana daxil olaraq ölümünü tezləşdirməkdən və müqavimətini qırmaqdan ötrü sağ ayağı ilə yerə yıxılan Şəmiddinin çiyin nahiyəsini sıxıb saxlayıb. Bundan istifadə edən Vüsal ona daha bir zərbə vurub. Öləcəyini ehtimal edərək hadisə yerindən qaçıblar.
Həmin gün saat 14:50-də Şəmiddin Quluyev Respublika Kliniki Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsində ölüb.
Vüsal Yusubov
İş üzrə dindirilmiş Vüsal Yusubov bildirib ki, Nərimanov rayonu, M.Arif küçəsi, 28 ünvanında qeydiyyatdadır. Həmin ünvanda iki fərdi yaşayış evi var:
“Birində qardaşım Rafael Yusubovla mən, digərində isə əmim Oqtay ailəsi ilə yaşayır. Həmin evlər nənəm Bahara məxsus idi. 2021-ci ilin dekabr ayında aramızda baş verən mübahisədən sonra anam evdən çıxaraq öz bacısı ilə kirayədə qalıb. Orta məktəb vaxtlarından qardaşımla narkotik vasitə - marixuanadan, son illər isə metanfetamindən istifadə edirdik. 2022-ci ilin yanvar ayında əmimin təkidi ilə Rafaellə pis vərdişimizi tərgitmək qərarına gəldik. Bu səbəbdən müxtəlif vaxtlarda Psixatriya Xəstəxanasında və Narkoloji Mərkəzdə müalicə aldıq. İyulun 13-də nənəmiz dünyasını dəyişdi. Vəfatından əvvəl nənəm Nərimanov rayonunda yerləşən hər iki evi mənə və qardaşıma vəsiyyət etdi. Nənəmin evləri və torpağı bizə miras qoyması əmim və onun ailə üzvlərinin düşmənçilik etməsinə səbəb oldu.
Şəmiddin Quluyevin nənəmin yas mərasimində mənə və qardaşıma tərs-tərs baxması xoşuma gəlmədi. Baxışlarından sanki Şəmiddinin bizi öldürmək istədiyini anladım. Ayın 17-də axşam evdə Rafaellə bu barədə danışanda əmimin qayınını öldürməyi qərarlaşdırdıq. Buna görə qardaşıma Quluyevi qətlə yetirəcəyimi bildirdim. “Mən Şəmiddini öldürərəm, ikimiz də tutulsaq, miras heç birimizə qalmayacaq” dedim. Rafael də fikrimlə razılaşdı. İyulun 18-i saat 13 radələrində mətbəx bıçağını dəsmala bükərək sellofan torbaya qoydum və qardaşımla birlikdə evdən çıxdım. Təxminən 1 saatdan sonra Biləcəri qəsəbəsində yerləşən ticarət mərkəzinə çatıb 525 nömrəli sərnişin avtobusundan düşdük. Yolda qardaşıma “artıq-əskik danışsa, Şəmiddini vuracağam” söylədim. Bazarda tanımadığımız bir nəfərdən Quluyevin işlədiyi mağazanın yerini öyrəndik”.
Hadisə baş verən dükan
Rafael dükanın qarşısında qalıb, o isə içəri girib masa arxasında əyləşən Şəmiddinlə salamlaşıb. Torbadan çıxardığı bıçaqla bədəninə çoxsaylı zərbələr endirib:
“Müqavimət göstərən Şəmiddin təpiklə masanı itələdi, zərbələrdən bir neçəsi qarnıma dəydi. “Məni niyə öldürürsən, nə günahım var” deyə qışqırırdı. İçəri girən Rafael Şəmiddinin çıxış qapısına doğru yıxıldığını görüb sağ ayağını onun çiyin nahiyəsinə qoydu. Bu zaman da mən axırıncı zərbəni vurdum. Üzbəüz dükanlardakı insanların səs-küyə gəldiyini görən Rafael qapını içəridən tutub saxladı ki, heç kəs içəri daxil ola bilməsin. Qısa müddət ərzində mağazanın qarşısına xeyli adam toplaşdı. Birinci əlimdə bıçaqla mən, ardımca da qardaşım çıxdı. Ətrafdakı insanlar bizi tutub saxlamağa çalışırdılar. Arxamızca atılan taxta parçası mənə dəyməsə də, Rafael tarazlığını itirib yerə yıxıldı. Asfalta çırpıldığımdan sol əlim sıyrıldı. Qardaşımı ayağa qaldırdım və qaçaraq ticarət mərkəzindən çıxdıq. Bakı-Sumqayıt magistral yolunun əks tərəfinə keçib avtobusa mindik. Elə bu zaman bıçağı avtobusun altına tulladım. “Şamaxinka” adlanan ərazidə düşüb taksi ilə Kənd Əhmədlidə yaşayan bibim Leyla Yusifovanın evinə getdik. Qadına Şəmiddin Quluyevi öldürdüyümüzü bildirdik. Əynimdəki qanlı köynəyi çıxarıb təzə köynək geyindim. Bibim ağlaya-ağlaya əmim Oqtaya zəng vurub bu barədə məlumat verdi. Əhmədlidən yaşadığımız əraziyə gəldik. Heydər Əliyev prospektində yerləşən kafedə çay içdik və sonra Nərimanov Rayon Polis İdarəsinə gedərək qardaşımla birlikdə təslim olduq”.
İstintaq fotosu
Qeyd edək ki, istintaq hərəkəti aparılarkən Vüsal Yusubovun göstərdiyi əraziyə baxış keçirilsə də, cinayətin aləti olan bıçaq tapılmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ələddin Quluyev ifadəsində göstərib ki, iyulun 18-də ona zəng edib qardaşı Şəmiddinin işlədiyi bazarda bıçaqlanması bildirilib:
“Xəstəxanaya çatanda artıq onun öldüyünü öyrəndim. Qardaşım zəhmətkeş insan idi. Vüsal və Rafael Yusubovların qardaşımı hansı səbəbdən öldürdüklərini hələ də başa düşə bilmirəm. Onların aralarında nəinki düşmənçilik, heç salam-sağ ol belə yox idi. Hadisədən bir neçə gün əvvəl olan yas mərasimində özüm də iştirak etmişəm və həmin şəxslərlə qardaşım arasında narazılıq olmasını hiss etməmişəm”.
Rafael Yusubov
Şahid Oqtay Yusibov bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi onun qardaşı uşaqlarıdır:
“Qardaşım Məhəmmədəli 18 ildir ki, Rusiyada yaşayır. Həddən artıq azğınlaşan Vüsalla Rafaelin fikri məni və ailə üzvlərimi öldürmək idi. Qardaşlar mütəmadi narkotik vasitələr qəbul edirdilər. Dəfələrlə onları bu yoldan çəkindirməyə çalışsam da, buna nail ola bilmədim. Analarını və bacılarını evdən didərgin saldılar. Hesab edirəm ki, bu cinayətin əsas təşkilatçısı Rafaeldir. Vüsal sadəcə onun tapşırığını icra edib. Bundan əvvəl nənələrindən qalan mirasın onlara çatması üçün balaca qardaşımı öldürməyə cəhd ediblər. Bununla əlaqədar 18-ci şöbədə Rafael Yusubovun izahatı alınıb. Yaşadığı ev mərhum anamın adınadır və vəsiyyətnamə əsasında mənə miras qalıb. Vəsiyyətnamə ilə əlaqədar qardaşım Məhəmmədəli də mirasdan imtina edib. Təqsirləndirilən şəxslərlə Şəmiddin Quluyev arasında həmin evlə bağlı heç bir qərəzli söhbət olmayıb”.
Şəmiddin Quluyev
Şahid Vera Yusubova ifadəsində göstərib ki, iyulun 18-də tanımadığı nömrədən zəng edən oğlu Vüsal ona “biz gedirik türməyə” deyib və əlaqəni kəsib:
“Heç nə başa düşmədim. Bir müddət sonra Leyla Yusifova zəng edib mənə Vüsalla Rafaelin Şəmiddin Quluyevi öldürdüklərini xəbər verdi. Leylanın çətinliklə danışmasından xəbərin doğru olmasına inandım. Hazırkı vaxta qədər övladlarımın nə üçün bu cinayəti törətdiklərini anlamıram. Baş vermiş hadisədən sonra qohumlardan eşitdim ki, guya onlar Şəmiddini nənələrindən qalan evə görə qətlə yetiriblər. Lakin bu mümkünsüzdür. Çünki nə Şəmiddin, nə də Oqtay onları mirasdan məhrum etməyib. Bahar Yusubovanın Nərimanov rayonunda yerləşən evləri Oqtay Yusubova miras qoymasından məlumatım vardı. Amma bu sadəcə notarial qaydada belə sənədləşdirilib. Əslində, hamı bilirdi ki, evlərdən birində bizim, digərində isə Oqtayın ailəsi yaşayır. Bununla bağlı heç vaxt mübahisəmiz olmayıb”.
Cinayətdə istifadə olunan bıçaq
Şahid Elçin Əliyev bildirib ki, üzbəüz mağazadan “kömək edin” səslərini eşidərək, çölə çıxıb:
“Hündürboy oğlanın əlində bıçaq vardı. Qaçan şəxslərin arxasınca taxta parçasını atdım. Şəmiddin Quluyevin işlədiyi dükana daxil olanda onu yerdə qana bulaşmış vəziyyətdə gördüm. Digər şəxlərlə köməkləşib yaralanan şəxsi xəstəxanaya yola saldıq. Bir neçə saatdan sonra onun öldüyünü eşitdik”.
Məhkəmə-narkoloji ekspertizalarının rəylərinə görə, təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunub. Məhkəmə iclasında Vüsal və Rafael Yusubov qardaşları ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edərək, prosesdə ifadə verməkdən və sualları cavablandırmaqdan imtina ediblər.
Dükanda tapılan pullar
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxlərə ömürlük cəza verilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Vüsal və Rafael Yusubovların Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. Onlara qanunla müəyyən edilmiş qaydada həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüsal Yusubov 18 il, Rafael Yusubov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.