"Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə də tabeçiliyi" - 143 MİLYONLUQ MƏHKƏMƏ İŞİ

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində satınalma ilə əlaqədar Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən şirkət rəhbərləri və eyni cinayət işi üzrə, lakin müxtəlif epizodlarla həbsdə olan təqsirləndirilən şəxslər bu iş üzrə şahid kimi ifadə veriblər. 

İlk olaraq 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi işləmiş Məlikməmməd Oruc oğlu Qurbanov şahid qismində ifadə verib. Hüquqlarını müdafiə edən Ceyhun Əliyevin iştirakı ilə ifadə verən Qurbanova prosesə sədrlik edən hakim Fikrət Əliyev onun şahid kimi hüquqlarını izah edib. Sonra  M. Qurbanov 2019-cu ildə ordu sıralarından tərxis olunana kimi son 4 ildə idarə rəisi işlədiyini bildirib:

“Tapşırıqları birbaşa həmin vaxt nazirliyin Baş Qərargah rəisi işləyən Nəcməddin Sadıqovdan alırdım. İşlədiyim dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul vermişəm. Nəcməddin Sadıqov çağırıb kabinetinə 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat pulu mənə verib ki, aparıb verim Nizami Məmmədova. Mən də aparıb vermişəm. Mən şirkətlərdən idarəyə gələn təkliflərlə bağlı Nəcməddin Sadıqova məruzə edirdim. O da bir neçə gün sonra məni çağırıb deyirdi ki, hansı şirkətlər olar, hansı şirkətlər olmaz. 12 nəfərdən ibarət tender komissiyasıda fəaliyyət göstərirdi, orada müxtəlif nazirliklərin nümayəndələri təmsil olunurdu. Tender Komissiyasının sədri mənim müavinim idi. Əsasən Azərsun Holdinq şirkətinə daxil olan- “San Fud”, “Abşeron”, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” və digər törəmə şirkətlərə tenderdə iştirak etməyə icazə verilirdi. 

Nizami Məmmədova gəlincə onun satınalma və təhcizata heç bir aidiyyatı olmayıb, bağlanılan müqavilələrdə, danışıqlarda iştirak etməyib, hansı məbləğə müqavilələr bağlanıb- bağlanmayacağından xəbəri olmurdu. Mənim işlədiyim 4 il ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Pullar əsasən Azərsun Holdinqdən gəlirdi”. 

Sonra Nizami Məmmədov Məlikməmməd Qurbanovun verdiyi ifadəyə münasibət bildirib:

“Məlikməmməd Qurbanovun özünün dediyi kimi satınalma mənə aidiyyatı olmayan bir sahədir. 2023-cü ilin iyul ayında bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Mən ittihamla ibtidai istintaq qurtaranda tanış oldum. Əgər Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə tabeçiliyi var idi, nə də məndən qorxusu yox idi ki, mənə o qədər pul göndərə. 

Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi, mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. Belə ki, Azərsun Holdinqin nümayəndəsi Afdandil adlı şəxs ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin burda desin ki, Nizami Məmmədovu tanıyıram”. 

Nizami Məmmədovun münasibətindən sonra onun Məlikməmməd Qurbanov epizodu ilə bağlı ibtidai istintaqa verdiyi ifadəsi elan olunub:

“Maliyyə və Büdcə İdarəsi sadəcə icra sənədləri əsasında həmin şirkətlərə ödənişlər edirdi. Ödəniş tapşırıqlarına mən qol çəkirdim. Bizim idarənin işi ancaq ödənişləri həyata keçirmək olub”. 

Sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Məlikməmməd Qurbanova bəzi suallar ünvanlayıb:

-Gələn məbləğlərdən nə qədərini özünüzə götürmüsüz?

-Mən bu suala cavab vermirəm.

-Həmin dövrdə şirkətlərdən gələn faizlər kimə verilib?

-Mən bu suala cavab vermirəm.

Məlikməmməd Qurbanov dindirildikdən sonra hazırda ehtiyatda olan, 2017-2021-ci illərdə hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən Cavidan Mirzəyev ifadə verib. O dövlət büdcəsinə aid olan təxminən 45 min manat pulu mənimsədiyini etiraf edib. Hazırda isə heç bir borcunun olmadığını, tam olaraq ziyanı ödədiyini qeyd edib. 

Prosesdə “HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Əliyev Hüseyn Məmməd oğlu Müdafiə Nazirliyi ilə bağlanan 670 min manatlıq müqavilə ilə bağlı ifadə verib:

“Bizim şirkət Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə podrat müqaviləsi imzaladıq. Belə ki, bir neçə hərbi hissədə asfalt çəkilişi, fasad, dam örtüklərinin dəyişdirilməsi, ümumi abadlıq işlər görməli idik. Mİİ-nin rəisi Fikrət Mirzəyev bizə dedi ki, sənədləriniz satınalma idarəsinə təqdim olunub. 4 ay sonra getdik Biləcəridə, Pirəkəşküldə yerləşən hərbi hissələrə, Fikrət müəllim bizə görüləcək işlərin smeta sənədləri göstərdi. Dedi ki, görüləcək abadlıq işlərini biz özümüz görmüşük. Sizin şirkət isə satınalmada tenderin qalibi olduğu üçün pul ancaq sizin şirkətə köçürülməlidir. Mən də bütün xərclər üçün ümumi məbləğin 12 faizini istədim. Təmir işlərinə ayrılan 670 min bizə hissə-hissə köçdü, məndə onun 88 faizini əlbəəl qaytardım Fikrət müəllimə. Mən bilsəydim Fikrət müəllim sonda bu cür təklif edəcək, mən bu işə getməzdim. Fikrət müəllimi 7-8 il qabaq tanımışam”. 

2016-2020-ci illərdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib:

“Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Baş Qərargah rəisi hansı şirkətlə işləməyimizi məsləhət görürdü. Bizimlə iş görən şirkətlər ayırdığımız məbləğin 18 fazini geri qaytarırdılar. Həmin məbləğin 15 faizi Nəcməddin Sadıqova, 3 faizi isə Maliyyə və Büdcə İdarəsinə çatırdı. 2018-ci ildə 152 min, 2019-cu ildə 163 min, 2020-ci ildə isə 54 min manat Nizami Məmmədova pul vermişəm. Böyük şirkətlərdən isə yuxarıdan tapşırıq olduğu üçün faiz almırdıq. Ayda 1 dəfə həmin 18 faiz təmir şöbəsinin rəisi Rəhim Laçınova verilirdi. Ümumiyyətlə qayda belə idi ki, hər şirkətin gördüyü işdən maya dəyərinə uyğun olaraq 15-25 faiz gəliri olurdu. Mənə isə qazancı şəxsən Nəcməddin Sadıqov özü verirdi, faizə aidiyyətim yox idi. 4 il rəis olduğum müddətdə Sadıqov mənə ümumilikdə 111 min manat pul verib. 

“HTM Holding”lə olan müqaviləyə gəlincə, 2 hərbi hissədə təmir işləri görülməli idi. Vəsait gecikdiyi üçün Nəcməddin Sadıqov dedi ki, işlər təcili görülsün. Bizdə rəsmiyyət olmadan başqa bir şirkətə işləri gördürdük. Sonra “HTM Holdinq” tenderi udduğu üçün həmin təmirin pulunu onlara ayırdıq. Onlarda pulu nağd formada bizə qaytardılar, biz də həmin pulu işi görən şirkətə nağd formada verdik”.

Sonra hakim Fikrət Əliyev Mənzil İstismar İdarəsinin rəisinin məbləğlərlə bağlı ibtidai istintaqa verdiyi ifadəsini elan etdi. Məlum oldu ki, Fikrət Mirzəyev faiz kimi Nəcməddin Sadıqova 2,9 milyon manat, Nizami Məmmədova isə 369 min manat pul verib. 

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin “Faizləri işə təzə gələndə sizə kim deyib?” sualına Fikrət Mirzəyev cavab verə bilməyib. 

Qeyd edək ki, Nizami Məmmədov Fikrət Mirzəyevdən 369 min manat pul almasını təsdiq etməyib və bunu ibtidai istintaq zamanı üzləşmədə də Fikrət Mirzəyevin üzünə deyib. 

Daha sonra Rəşad Mirmehdizadə Fikrət Mirzəyevə məhkəmə istintaqı üçün önəmli olan maraqlı bir sual verib:

“Necə olur ki, siz, bütün məsuliyyət üzərinizdə ola-ola 4 ildə 111 min manat qazanmısız, Nizami Məmmədova isə 369 min manat vermisiz, bu nə qədər düzgündür?

Fikrət Mirzəyev təqsirləndirilən şəxs kimi hüquqlarından istifadə edərək bu suala da cavab verməyib. 

Rəşad Mirmehdizadə: “Fikrət Mirzəyev, Nəcməddin Sadıqova işlədiyiniz illər ərzində ayda ona nə qədər pul vermisiz?

Fikrət Mirzəyev bu suala da cavab verməkdən boyun qaçırıb. Ancaq ifadəsini davam etdirərək bildirib ki, Maliyyə və Büdcə İdarəsi heç zaman müqavilələrin tərtib olunması ilə bağlı onlara irad tutmayıb. Bu məndən qabaq Mənzil İstismar İdarəsinin rəisi işləyən Qəhrəman Ağayevin dövründə də belə olub. 

Fikrət Mirzəyevin sərbəst ifadəsindən sonra onun ibtidai istintaqa verdiyi ifadə elan olunub: 

“2020-ci ildə 4,5 milyondan bizə 684 min manat pul qalıb, bundan mənə 24 min verilib. 2019-cu ildə 5 milyondan bizə 760 min manat pul qalıb, mənə isə 20 min manat çatıb”. 

İfadə elan olunduqdan sonra Fikrət Mirzəyev gileylənərək bildirdi ki, “elə olub Nəcməddin Sadıqov 3 ay mənə pul verməyib”. 

Fikrət Mirzəyevin cavabına münasibət bildirən Nizami Məmmədov şahidə aşağıdakı məzmunda sual ünvanlayıb:

“Necə olur mənə qazancınızdan 3 faiz verirdiniz, özünüzə isə 1 faiz qalırdı? Hörmətli məhkəmə, Fikrət Mirzəyev ibtidai istintaqda özüdə etiraf edib ki, mənim adımı məcburiyyətdən çəkib. Hətta öz vəkili vasitəsilə pulda göndərmişdi ki, mən öz adımdan onun guya mənə verdiyi məbləği dövlət büdcəsinə ödəyim. Mən isə imtina etdim, çünki bu ittihamın mənə aidiyyatı yoxdur”. 

Məhkəmə prosesi may ayının 3-nə kimi təxirə salınıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.