“NARKOTİK YENİYETMƏLƏRDƏ BEYNİN STRUKTURUNU DƏYİŞİR” – Asif Kəngərli: “Yeniyetmə yaşlarda narkotik istifadəçiliyi gedər-gəlməz yoldur”

Cəmiyyətin ən zəif, qorunmağa ən çox ehtiyacı olan təbəqəsi uşaqlar və yeniyetmələrdir. Təsadüfi deyil ki, İran tərəfindən dövlətimizə qarşı açılmş “narkotik savaşı”nın da əsas hədəfi yeniyetmələrimiz və gənclərimizdir. Çünki bu təbəqə cəmiyyətin dinamikasını, dövlətin gələcəyini təmin edir və yaşlı təbəqəni əvəzləyəcək olan qrupdur. Narkomaniya “silahı” ən çox uşaqlıq dönəmindən gənclik dönəminə qədəm qoymaqda olan yeniyetmələrimizə tuşlanıb. Statistikaya nəzər saldıqda da, narkotik aludəçilərinin əsasən yeniyetməlikdən bu bəlaya bulaşdığını, onların bu dönəmdə narkotiklərlə tanış olduğunu görə bilirik. Stopnarkotik.az tanınmış psixiatr-narkoloq Asif Kəngərli ilə bu mövzu ətrafında söhbətləşib.

-Son zamanlar aparılan müşahidələr göstərir ki, Azərbaycanda narkomaniya gəncləşməkdə, hətta məktəblilər arasında da sürətlə yayılmaqdadır. Narkotiklərin azyaşlılara təsiri haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, azyaşlıların narkotik istifadə etmələri onların gələcək həyatında nə kimi rol oynayr?

- Ümumiyyətlə, xəstə (narkotik aludəçisi nəzərdə tutulur-müəl.) nə qədər azyaşlıdırsa, yeniyetmədirsə, onun orqanizmində xəstəlik daha sürətlə gedir. Və düzəlmə, sağlam həyata qayıtma ehtimalı da böyük yaşlarda başlayan narkotik aludəçiliyindən daha azdır. Bu baxımdan, yeniyetmə yaşlarda narkotik istifadəçiliyi, xalq dili ilə desək, gedər-gəlməz yoldur. Deyək ki, şəxs 14-15 yaşlarda narkotiklərdən istifadə edirsə, onun sağalma ehtimalı 20-21 yaşlarda narkotiklərə başlayan şəxsin düzəlmə ehtimalından daha azdır. Düzdür, deyə bilərsiz ki, 14 yaşda başlayıb, sonra dayanıb. Belələri də olur, amma bunlar faiz etibarı ilə azdır.

- Yəni narkotikləri daha gənc yaşda istifadə edən zaman ondan qurtulmaq daha çətin olur.

- Əlbəttə. O yaşda insanda hələ beyində mərkəzlər formalaşmır (Zənnimizcə, söhbət beyindəki davranış mərkəzlərindən gedir – müəl.). Formalaşmamış insanın beyin fəaliyyəti xüsusilə önəmlidir. Narkotik ona təsir edib, beynin strukturunu pozur, dəyişdirir. Xüsusilə kokos, “şüşə” deyilən metamfetamin, amfetamin, metilmetamfetamin. Bunlar nəinki pis təsir edir, beynin struktrunu dəyişir. Narkomaniya təkcə somatik xəstəlik deyil. Narkomaniya həm də insanın şəxsiyyətini pozur. Qorxulu cəhət budur. Narkotik şəxsiyyəti, iradəni pozur. Şəxsiyyəti, iradəsi olmayan adamdan nə çıxar, ondan nə gözləmək olar? Yaxşı heç nə gözləmək mümkün deyil.

-Narkotik mafiyası son dönəmlər daha çox məktəb yaşlı uşaqları hədəfə alır və orta məktəbərin yaxınlığında ucuz sintetik narkotiklərin satılması haqda xeyli faktlar qeydə alınıb. Bu problemin qarşısı necə kəsilməlidir?

- O barədə qərarlar var, qanunlarda dəyişiklik olunub ki, məktəb yaxınlığında narkotik satanlar cəzalandırılsınlar. Dövlət onlar üçün müəyyən tədbirlər görür. Amma maariflənmə iş getmədən narkomaniyanın qarşısını almaq mümkün deyil. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyidir. Heydər Əliyev o vaxt sərəncam vermişdi ki, orta məktəblərdə tütünün, alkoqolizmin, narkomaniyanın zərərləri barədə yazılan kitablar tədris olunsun. Mədəniyyət Nazirliyinə göstəriş verilmişdi ki, bu barədə əsərlər yazılsın, təqdim olunsun, teatrda tamaşa qoyulsun, filmlər çəkilsin. Bunlar nə orta məktəbn tədris proqramına, nə müntəxəbat kitabına salınmır. Həmçinin, nə Təhsil Nazirliyi sistemindən mənimlə müqavilə bağlayıb, o əsəri orta məktəbdə yaymaq istəyən, nə də Mədəniyyət Nazirliyindən belə əsəri tamaşaya qoyan var. Düzdür, Şuşa Dram Teatrının baş rejissoru Loğman Kərimov mənə zəng elədi ki, o əsəri tamaşaya qoymaq istəyirəm. Növbəti sezonda bu əsər tamaşaya qoyulacaq. Amma bu ümumrespublika xarakteri almalıdır. Deyək ki, Şəkidəki Dram Teatrı, Naxçıvandakı Dram Teatrı, Lənkərandakı Dram Teatrı “Bəla”, “Zəhrimar” pyesini tamaşaya qoymalıdır və bütün rayonların məktəbliləri gəlib ona canlı baxmalıdır, müzakirə getməlidir. Mənim yazdığım əsərin adı “Tütünçəkmə barədə hər şey”dir və orta məktəbdə tədris oluna biləcək dərs vəsaitidir. “Tütünçəkmə barədə hər şey”, “Alkoqolizm və onun insan üzərində zərərli təsiri”, “Narkotik maddə - ailəvi qırğın silahı” - bunlar maarifləndirici kitablardır ki, onları dərs vəsaitinə salmaq lazımdır.

Dövlət sərhədlərdə öz işini görür. Bizimkilər çox aktiv işləyirlər. Narkotik satanları tuturlar da, həbs də edirlər, narkotiklər müsadirə də olunur. Amma bununla paralel olaraq maarifləndirmə işi aparılsaydı, o zaman nəticəmiz daha gözəl olardı.

- Sizcə, maarifləndirmə olmadan effektiv nəticə mümkün deyil?

- Məncə yox, bu işin içində olanlar hamısı elə deyir. Maarifləndirmə olmadan nəticə olmayacaq, birtərəfli olacaq, az olacaq. Heydər Əliyevin buna dair sərəncamından başqa, Prezidentin 5 illik proqramı var. Hər dəfə o proqram çap olunduqca maariflənməyə ayrılan yer artır. Maariflənməyə dövlət səviyyəsində də böyük əhəmiyyət verilir. Başa düşülür ki, maariflənmə işi getməlidir. Amma maraqlı burasıdır ki, maariflənmə mövzusunda yazılan əsərlər nə üçün yaddan çıxır, ortalığa çıxarılmır? Yazdığım “Bəla” pyesindən daha yaxşı film çəkmək lazımdır. Bizim inkanımız olmadı, bunu etdik. İstədik ki, millətimiz üçün nə isə edək. Xərc qoyulub daha yaxşı film çəkilməlidir. Məsələn, mən o tamaşada həkim rolunu oynayıram. Mən o rolu hansı səviyyədə oynaya bilərəm - ortabab səviyyədə oynaya bilərəm. Amma peşəkar bir aktyor o rolu oynasaydı, həkim obrazını daha canlı yaratmazdımı? Yarada bilərdi. Ona görə də, demək istəyirəm ki, daha yaxşı film ortaya qoyub insanları maarifləndirmək, həyəcanlandırmaq, narkotik maddənin iç üzünü göstərmək lazımdır ki, valideynlər də, uşaqlar da, məktəb də - hamı görsün və bu yoldan, narkotikdən çəkinsinlər.

- Siz bayaq qeyd etdiniz ki, yeniyetmə yaşda narkotiklərə başlayan şəxsin sağalması mümkün olmur. Bir həkim kimi necə düşünürsünüz, biz toplum olaraq bu bəlanın fəsadını hansı dönəmdə daha çox hiss edəcəyik? Misal üçün, əsgəriyə gedən gənclərimizin azalmasında, ya gənc nəslimizin deqradasiyasında?..

- “Mümkün olmur” deyəndə, daha çətin olur. Dünyada mümkün olmayan şey yoxdur. Amma elə adamı əsgər də aparmırlar. Onların psixikası pozulmuş olur, qollarını kəsirlər. Onları əsgər aparıb, sağlam uşaqların arasına qatmırlar. Mən iddia da edə bilmərəm ki, onlar əsgər gedə bilməz. Bəlkə də gedə bilərlər. Amma onlar daim problem mənbəyidirlər. Psixopatdırlar, digər xəstəliklərin daşıyıcılarıdırlar. Təkcə narkomaniya deyil. Narkomaniya digər xəstəlikləri də əmələ gətirir. Yəni qollarımızı çirmələyib bu işlə məşğul olmalıyıq. Millətimizi seviriksə, dövlətimizin möhkəmlənməyini istəyiriksə, bu işin öhdəsindən gəlməliyik. Mənim belə bir deyimim var: “Azərbaycanın qarşısında iki problem dayanır: Birinci Qarabağ problemidir. İkinci tütünçəkmə, alkoqolizm və narkomaniyanın gətirdiyi problemlər”. Biz probelmləri bu səviyyəyə qaldırıb həll etməyə məcburuq, borcluyuq.

- Ümumiyyətlə, təhsil ocaqlarında narkotik bəlasına son qoyulması üçün məktəblərlə valideynlər arasında əməkdaşlıq zəruridirmi?

- Çox iş görülməlidir. Bu məsələni Təhsil Nazirliyinin qarşısında qaldırın, orada müşavirə keçirin, maraqlı adamlar məni də dəvət etsinlər, sizi də dəvət etsinlər, gələk orada sözümüzü deyək.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az