Paytaxtda qətl hadisəsi törətməkdə təqsirli bilinən Mehrac qəhrəmanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək öldürən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb.
Törətdiyi əməlinə görə M.Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dindirilmiş Mehrac Qəhrəmanov ifadəsində bildirib ki, hadisədən təxminən 1 ay əvvəl qardaşları onun evdə yaşamağını istəmədiklərindən rayondan Bakı şəhərinə gəlib. Küçələrdə yataraq dilənçilik edib. Parkların birində "Malış" ləqəbli oğlanla tanış olub. Yaşayış sahəsinin zirzəmisində həmin şəxs, o və Yalçın qalıb. Onlar səhərlər şəhərə çıxıb dilənçilik ediblər. Zirzəmiyə ancaq gecələr yatmağa gəliblər.
Bir-iki gün olardı ki, Orxan adlı oğlanla tanış olub. O da gecələr onlarla birlikdə zirzəmidə yatıb. Özünün deməsinə görə o, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər tutulub. Ağrıları olduğu üçün günlərlə zirzəmidən çölə çıxmayıb və ona narkotik tapmalarını istəyib.
Mayın 23-də parkda bir şüşə araq alıb tək içib. Saat 19:00 radələrində zirzəmiyə gəlib pəncərədən içəri girəndə Orxanın matrasda yatdığını görüb. Matrasın bir tərəfində uzanarkən tanışı ondan su istəyib. Su vermədiyindən Orxan onun ünvanına söyüş söyüb. Əsəbiləşib yarı oturaq vəziyyətdə ona tərəf çönüb və dizləri ilə qarnının üstünə çıxıb. Həm xəstə olduğu, həm də üstünə çıxdığı üçün Orxan ona müqavimət göstərə bilməyib. Ünvanına nalayiq ifadələr işlətdiyinə görə yumruqla sifətinə zərbə endirib. "Malış" zirzəmiyə gəlib, Orxanı döydüyünü görüb və onu əlindən tutub saxlayıb.
Mehrac Qəhrəmanov bildirib ki, içkili olduğundan uzanıb yatıb və yalnız səhər saatlarında Yalçının səsinə oyanıb. Yalçın Orxanın öldüyünü deyib. Qorxduğundan yerindən tərpənə bilməyib. Sonra polis əməkdaşları gəlib meyiti pataloji anatomiya şöbəsinə aparıblar. Hadisə vaxtı üzərində kəsici-deşici alət olmayıb. Orxanı vuranda sərxoş olsa da, hərəkətləri yadında qalıb.
Məhkəmə prosesində Mehrac Qəhrəmanov ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, Orxan Əliyev narkotik vasitənin təsirindən vəfat edib. Onu öldürməyib. İbtidai isintaq zamanı yazılan ifadəsinə oxumadan imza çəkib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Mehrac Qəhrəmanovun əməli CM-nin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.9-cu ( köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.
Sonda məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum olunub./oxu.az