"Narkomaniyaya yox deyək!” - HACIQABULDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB / FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlər barədə məlumatlar verilib, cinayət əməli ilə məşğul olan hər bir şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunduğu qeyd olunub.

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.