“Narkomaniyaya qarşı mübarizə birinci ailədən başlamalıdır” – MEHRİBAN ƏLƏKBƏRZADƏ

“İndi cəmiyyətdə öz yerlərini tapa bilməyən adamlar daha populyardır və onların “qəhrəman” olaraq qəbul edilməsi yolverilməzdir”

Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər narkomaniya geniş yayılıb. Şübhəsiz, bu problemin qarşısının alınması üçün xüsusilə də narkotik bəlasından ən çox əziyyət çəkən yeniyetmə və gənclər arasında maarifçilik işləri gücləndirilməlidir. Son vaxtlar orta və ali məktəblərdə tez-tez bu problemlə əlaqədar maarifləndirici təbdbirlərin keçirilməsi də təsadüfi deyil. Lakin, bir çox ekspertlər hesab edir ki, narkomaniyanın fəsadlarını yeniyetmə və gənclərə daha aydın göstərmək üçün filmlərin çəkilməsi, tamaşaların hazırlanması da mütləqdir. Maraqlıdır, Akademik Milli Dram Teatrında bu kimi maarifləndirici tamaşaların oynanılması gözlənilir? Stopnarkotik.az-ın əməkdaşı bu və digər suallara “Azdrama”nın Bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə ilə söhbətində aydınlıq gətirməyə çalışıb.

M.Ələkbərzadə deyir ki, Akademik Milli Dram Teatrında bu kimi tamaşaların hazırlanması nəzərdə tutulub: “Doğrudur, bu, Akademik Milli Dram Teatrının iş üslubunda mütləqlik halında deyil. Amma mən bundan əvvəl çalışdığım Gənc Tamaşaçılar Teatrında narkomaniyaya qarşı bir tamaşa var idi. Bəlkə “Azdramada” da günün tələbindən doğacaq nəsə bir şey edə bilərik. Nəzərə almışıq. Düzdür, konkret narkomaniya ilə bağlı yox, sırf bu şüarlarla bağlı tamaşa nəzərə alınıb”.

Sirr deyil ki, əksər yeniyetmə və gənclər cəmiyyətdə tanınan, populyar olan insanlara bənzəmək istəyirlər. Bu halda, yeniyetmə və gənclərimizi düzgün istiqamətləndirmək üçün nüfuzlu sənət adamlarının da üzərinə məsuliyyət düşürmü? Bu suala M.Ələkbərzadə belə cavab verdi: “Bəli, haqlısınız. Amma bu gün cəmiyyətə təqdim olunan insanlar heç də yeniyetmə və gəncləri düzgün istiqamətə yönləndirmək imkanına malik deyillər. Belə olduğu halda da yeniyetmə və gənclərimiz onlara bənzəyərək daha doğru, daha dürüst, daha normal istiqamət götürəcək adamlarla bəslənmirlər. Hazırda ailəsində problemi olan, öz məsələlərini həll edə bilməyən, şəxsiyyət natamamlığı olan adamlar daha çox efirdə görünür. Cəmiyyətdə onlara bənzəmək istəyi yaranırsa, onda vay bizim halımıza. Çünki hazırda problemlərini həll edə bilməyən, cəmiyyətdə öz yerlərini tapa bilməyən adamlar daha populyardır və onların “qəhrəman” olaraq qəbul edilməsi yolverilməzdir. Yəni həmin şəxslərin özlərini düzəldib, yeniyetmə və gənclərə nümunə ola bilməsi nisyə məsələdir, real deyil. Çünki o adamların 40-50 yaşına qədər həyat tərzi o cür olacaq və onlar gəlcəkdə də qətiyyən nümunə ola bilməzlər. Əlbəttə, indi keçmişi hamıya bəlli olan adamlar var ki, efirə çıxıb əxlaqdan, tərbiyədən danışırlar. O adamlar özlərini düzəldə bilsəydilər, indiyə kimi düzəldərdilər də. Yəni məsələnin kökündə o durur ki, əslində, indi bənzənilməyə layiq olan adamlar deyil, bənzənilməyə layiq olmayan adamlar daha populyardırlar”.

Mehriban xanım hesab edir ki, normal həyat tərzi olmayan insanların efirə çıxarılması yeniyetmə və gənclərimizi yanlış istiqamətə yönləndirir: “Yeni nəslin o cür kəslərə bənzəmək istəyi onları yanlış hədəfə aparır. Belə deyə bilərəm, yanlış insanların şəxsiyyət məsələsinə baxmaq lazımdır. İnsan istedadlı olar, gözəl səsi olan müğənni, çox gözəl istedadı olan aktyor olmaq olar, amma şəxsiyyət məsələsi ciddi faktordur. Şəxsiyyət faktoru bir dəfə çat verdisə, getdi… Ona görə dəfələrlə “çat vermis” adamlar deyil, daha mükəmməl şəxsiyyətləri efirə çıxardaraq, onları cəmiyyətə təqdim etmək lazımdır. Bunun populizmə dəxli yoxdur. Dəyəri olan insanlar heç vaxt populist insanlar olmur”.

Mehriban Ələkbərzadə narkotikə meylli gənclərə də çağırış etdi: “Əlbəttə, məsləhət çox yüngül bir şeydir. Narkomaniya elə bir bəladır ki, o bəlada yolun, ziyanın yarısından dönmək üçün həmin insanın mütləq ayıq təfəkkürü olmalıdır. Ayıq təfəkkürü olmayan adama “əlini vurma, yandırar” deməklə problem həll olunmaz. O, əlini vurub, əlini yandırandan sonra bilər. Bunun da ən böyük səbəbi elə ailə və tərbiyədir. Kim ailədə nə görürsə, onu edəcək, ətrafındakı insanlar necədirsə, onlara bənzəyəcək. Ətrafında gözü gördüyü, yaşadığı evdə istifadə olunursa, ona kim deyəcək ki, bunu etmə?! Deyən adam azlıq təşkil edəcək.

Mən düşünürəm ki, narkomaniyaya qarşı mübarizə birinci evdən, ailədən başlamalıdır. Evdə düzgün bünövrə qoyulmayandan sonra cəmiyyət min dəfə ona təlqin etsin… Çox az hallarda, o da ayıq, özünü idarə dərkinə sahib olan insan bunu edə bilər. Ona görə, burada yük ilk növbədə ailənin üzərinə düşür. Ailədə düzgün tərbiyə olmalıdır.

Əlbəttə, bizdə elə bir sənət və yaxud tamaşa yoxdur ki, onun təbliğatı olsun... Çünki bu, bizim mentalitetimizdə qəbuledilməz faktorlardan biridir. Bu, insanın təkcə fiziki deyil, həm də mənəvi cəhətdən iflasına aparan bir şeydir. Heç bir təbliğat yolu yoxdur bizdə. Deməli, ailə tərbiyəni normal qoymalıdır. Əlbəttə, əgər o uşaq evdən çıxıb, narkotik aludəçilərinin içinə düşürsə… bu, cəmiyyətdə böyük halda deyil. Amma bizi sevməyən ölkələr, xalqlar da bunu bizim ölkəyə tətbiq etməyə çalışırlar”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az