Yaşar Qurbanov:“Bir insan dini dəyərlərə bağlı olsa, həm bu yola düşməz, həm də bu yola düşəndən sonra geri qayıdar”
“Əgər hansısa din adamı narkotik ticarəti ilə məşğuldursa və öz nəfsini, ruhunu şeytana satıbsa, insanlara necə nümunə olacaq?!”
Narkomaniyanın qurbanları narkotiklərə doğru yol qət edənə qədər bir sıra mərhələlərdən keçirlər. İlk öncə yalnızlaşırlar, həyat onları təkləyir, depressisyanın ağuşuna düşürlər. Onların bir çoxları da şikarına çevrildikləri bəlanın miqyasından, onların düşdükləri yoldan geri dönmənin neçə çətin olduğundan xəbərsiz olurlar. Yəni bilməməzlik, cahillik, məlumatsızlıq ucbatından narkotacirlərin “ovuna” çevrilirlər desək, yəqin ki, yanılmarıq. Bəs iman, din, Allaha bağlılıq narkotiklərdən qurtulmaqda nə kimi dəstək ola bilər? Bu barədə tanınmış ilahiyyatçı Yaşar Qurbanovla söhbətləşdik.
- Yaşar müəllim, məlum olduğu kimi, Azərbaycanda narkomaniya həddən çox yayılmaqdadır. Bir ilahiyyatçı kimi deyə bilərsinizmi, insanların pis vərdişlərdən qurtulmasında din necə rol oynaya bilər? Oynaya bilərsə, bunu necə görürsünüz?
- Birinci onu deyim ki, əlbəttə, dinimizdə narkomaniya ən pis günahlardan, qadağalardan biri sayılır. Qurani-Kərimdə bu haqda çox sayda ayələr var ki, ümumiyyətlə narkomaniya olsun, spirtli içki aludəçiliyi olsun, sərxoşluq olsun, bütün bunların haram edildiyini Allah buyurub. Yəni Qurani-Kərimdə bunların nə qədər böyük günah və şeytan əməli olduğu buyurulur. Əl-Maidə surəsinin 90-91-ci ayələrində Allah bunu izah edib. Allah-Təala bu ayələrdə buyurur ki, "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". Bunlar qumar, bütlər, fal oxları, şeytan əməli olan murdar şeylərdir.
Sonra 91-ci ayədə buyurur ki, "Şübhəsiz ki, şeytan icki və qumarla aranızda düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq bunlara son qoyacaqsınızmı?!", deyə ayənin sonunda da təhdid var. Yəni ümumiyyətlə, narkomaniya və bu kimi əməllər Allahdan uzaqlaşdırmaq üçün ən böyük şeytan əməlidir. Və Allah-Təala buyurur ki, nə zaman buna son qoyacaqsınız? Çünki, bilirsiniz, bu işlə məşğul olanların çoxu dindən, ibadətdən, Allahdan uzaq - hər bir yaxşı əməldən uzaq və pis əməllərdə öndə gedənlərdir. Ümumiyyətlə, insanın ağlını uyuşduran hər bir şey dinimizə görə haramdır. İstər içki, istər narkotik maddələr olsun, insanın ağlını alan, insanın vərdişlərini dəyişdirən, insanı zəiflədən, onu müəyyən çirkin hallara soxan bütün hallar haramdır. Bəziləri deyə bilər ki, dinimizdə insanın ağlını əlindən alan içki olaraq gəlib. Həmçinin də başqa bir rəvayət peyğəmbərimizdən gəlib ki, insanı haldan-hala salan, ağlını əlindən alan içki və hər bir maddə, bura heroin də daxildir, bunlar dinimizdə ən böyük haram və günahdır.
- İnsanların hansısa sekta və zərərli dini cərəyanların təsirinə düşməsinin qarşısını dövlətin dinin dəyərləri tədris etməsi ala bilərmi? Sizcə, dövlət bunun üçün bir konsepsiya hazırlamalıdır, yoxsa prosesi öz axarına buraxmalıdır?
- O məsələləri mən bilmirəm, amma bu problemi aradan qaldırmaq üçün həqiqətən peyğəmbərimizin öyüd-nəsihətləri, Uca Allahın öyüd nəsihətləri çox önəmlidir. Çünki görürsən ki, bu yola düşənlərin çoxunda inamsızlıq, Allahın rəhmətindən ümid üzmək, özünü cəmiyyətdə tək hiss etmək, insanlardan uzaqlaşmaq və s. dinimizin qadağan etdiyi cürbəcür şeylər var. Dinimiz nəyi qadağan edir? İnsanın kədərlənməsi, depressiya və s. bu kimi şeylər dinimizdə qadağandır. Qurani Kərimdə buyrulur ki, Allahın rəhmətindən ümidinizi üzməyin. Görürsən, bu duruma düşənlərin çoxu bu problemlə rastlaşan insanlardır. Necə deyərlər, başlanğıc qəm, kədər, hüzn, depressiya olur, sonra çıxış yolunu pis vərdişlərdə görürlər. Ona görə, dinimiz bunları müalicə edir.
Bir insan həqiqətən də dini dəyərlərə bağlı olsa, həm bu yola düşməz, həm də bu yola düşəndən sonra geri qayıdar. Çünki burada mənəviyyat, insanın ruhu önəmlidir. Bəzən ancaq insanın bədəninə önəm verirlər, ancaq ruhi məəslələrinə, ruhun sağlam olmasına önəm verilmir. Ona görə, dinimiz ancaq ilk öncədən buna başlayır ki, insanın Allaha bağlılığı, ruhu gözəl olsun, başqa çətin yollara düşməsin. Əlbəttə, bu yoldan yayındırmaq üçün yaxşı olardı ki, çoxlu məqalələr yazılsın, verilişlər olsun.
Biz hər zaman ilahiyyatçı olaraq bu məsələlərə toxunuruq ki, insanın ruhu sağlam olmalıdır. Radio verilişlərində bu məsələlərə toxunanadan sonra, şəxsən özüm bilmişəm ki, nə qədər insan müraciət edib. Bildiriblər ki, bu verilişlər depressiyadan çıxmağa yardımçı oldu, başqa yollara düşməyi fikirləşirdim, hətta bəzən olur ki, intihar etməyi düşünürəm… Yəni ruh qidalanmasa, bu problemlərdən qurtulmaq çox çətindir.
-Yaşar müəllim, sizcə elementar mənəvi dəyərlər rəhbər alınmaqla, toplumun daha əxlaqlı olması məqsədilə dini bilgilərin insanlara təbliği dövlət tərəfindən aparılmalıdırmı?
- Əlbəttə, aparılsa gözəl olar. Azərbaycanda İlahiyyat Universiteti də var. Allaha həmd olsun, insanlar gedib orada təhsil ala bilirlər. Bu sahə üzrə müəyyən qədər mütəxəssislərimiz, ilahiyyatçılarımız var. Əlbəttə, bu sahədə maarifləndirməyə daha çox yer verilsə, gözəl olar. Onsuz da bunu ilahiyyatçılar aparırlar. Cümə xütbələrində bu məsələlərə toxunurlar. Cümə namazlarına gedənlər bunu bilirlər. Məscid səviyyəsində bu məsələlərə faydalı olsun deyə hər zaman toxunulur. Biz öz verilişlərimizdə toxunuruq. Təbii, buna daha çox önəm verilsə, inanıram ki, daha çox faydalı olar.
-Bəs, sizcə, məktəblərdə şagirdlərə heç olmasa elementar səviyyədə dini biliklər verməklə yeniyetmə və gəncləri sonrakı pis vərdişlərin toruna düşməkdən qoruya bilərmi?
- Əlbəttə, belə tədbirlər yaxşı olar. Bu sahədə hüquq-mühafizə orqanları şagirdlərlə görüşür, onlara nəsihət verirlər. Bu çox gözəl haldır, özümüz övladlarımızdan eşidirik. Oğlum məktəbdən gələrkən deyir ki, bu gün tədbir keçirildi, hüquq mühafizə orqanları çox gözəl biliklər verdi. Görürəm ki, bu bəlanın qarşısının alınmasında belə tədbirlərin çox təsiri olur. Şübhəsiz, bu tədbirlərə əlavə də olunsa, dini biliklər də verilsə, bir insanın ruhunun qidası, ruhunun sağlam olması, Allaha bağlı olması, pis vərdişlərin Allah dərgahında nə dərəcədə təhlükəli olması, ilk növbədə valideynlərin üzünə ağ olmanın nə qədər təhlükəli olması haqda dini biliklərin olması inanıram ki, daha da faydalı və prosesə daha çox dəstək olar.
-Bəllidir ki, narkoman özü bəlaya düçar olmaqla bərabər, yaxınlarını da həmin bəlanın içinə salır. Bilirik ki, müxtəlif yad cərəyanların təsiri altında olan din adamları da cəmiyyətdə zərərli fikir, düşüncələr yayırlar. Məsələn, İrana bağlı din adamlarını misal göstərə bilərik. Bu problemin həll yolunu necə görürsünüz?
- Mənim fikrimcə, bu məsələlərdə düzgün dini təbliğat aparılmalıdır. İnsanlara düzgün dini təbliğat aparılmalıdır. Qurani-Kərim, peyğəmbərimizin kəlamları insanlara düzgün başa salınmalııdır. Əgər insanlar tərəfindən düzgün dini biliklər əldə edilsə, heç bir ölkəyə bağlı olmazlar. Bunun əsasında düzgün dini təbliğat durur. Əgər bir ilahiyyatçı insanları hansısa bir ölkəyə bağlı olmağa çağırırsa, deməli, bunun təməlində səhv var. Qurani-Kərimin kəlamları, peyğəmbərin kəlamları, alimlərin kəlamları nə deyir? Hər insan öz ölkəsinə, yaşadığı ölkəyə bağlı olmalıdır. Yəni öz xalqını, öz vətənini, öz dövlətini sevməlidir. Hansısa bir xarici qüvvələrin din adı altında fitnə-fəsadını öz ölkəsinə gətirməli deyil. Ola bilər ki, hansısa bir ölkənin siyasi marağı olsun. Onun dinlə heç bir əlaqəsi yoxdur. Yəni bunu ayırmaq lazımdır ki, düzgün din nədir. Peyğəmbərimiz nə deyir – Allah-Təala Qurani-Kərimdə nə deyir: Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə tabe olun, itaət edin. Əmr sahibi kimdir - ölkə rəhbəri. Mən ölkə rəhbərimə tabe olmalıyam. Ölkə rəhbərimin buyruqlarının, onun ətrafında birləşməliyik. Mən niyə görə hansısa bir xarici ölkənin rəhbərinin siyasətinə tabe olmalıyam? Bu dini cəhətdən düzgün deyil. Mən verilişlərimdə, dərslərimdə hər zaman vurğulayıram, dinimiz buyurub ki, öz ölkənə bağlı ol! Peyğəmbərimiz buyurub ki, öz ölkənə bağlı ol! Hətta peyğımbərimiz deyir ki, öz ölkə rəhbəriniz ətrafında toplanın. Ona görə də dini biliklər düzgün təbliğ olunmalıdır. Qurani-Kərim, peyğəmbərimiz buyurub ki, öz ölkənə, vətəninə sadiq olun, ölkə rəhbərin ətrafında toplaşın, başqa ölkənin rəhbərinin deyil. Həmçinin, o kəslər belə təbliğat aparırlarsa ki, insanlarımız başqa ölkənin rəhbərliyinə, fitnəsinə tabe olsunlar, onlara qarşı da mübarizə aparılmalıdır. Bildirilməlidir ki, bu insan ilahiyyatçı deyil. Olsa-olsa hansısa ölkənin siyasi maraqlarını din adı altında insanlara sırımağa çalışan yad insanlardır.
- Yeri gəlmişkən, bir müddət əvvəl Xocasən qəsəbəsində məscidin axundu narkotik ticarəti ittihamı ilə tutuldu. Ardınca isə bu yaxınlarda Neftçalada məscidin axundu narkotik ticarəti üstündə yaxalandı…
-Bəli, bəli. Bu biabırçılıqdır.
-Sizcə, bu şəxslər insanlara dini necə təbliğ edə bilərlər ki, özləri narkotik ticarəti ilə məşğuldurlar?
- Elə problem bundadır ki, əgər o insan narkotik ticarəti ilə məşğuldursa və öz nəfsini, ruhunu şeytana satıbsa, insanlara necə nümunə olacaq?! Hansı ki, din adamları öz əməlləri, hərəkətləri, əxlaqı, insanlarla gözəl davranışı, peyğəmbərimizin gözəl davranışlarını bilməsi ilə nümunə olmalıdır... Bu insanlar belə əməllə məşğuldursa, digər insanlarda biz nə eyib axtara bilərik? Bu biabırçılıqdır, dinlə əlaqəsi yoxdur. Bu, din donu geyinmiş bəzi təhlükəli qüvvələrin oyunu da ola bilər.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA