MOLLA REJİMİNİN NÖVBƏTİ HƏYASIZLIĞI... – İran Fərid Səfərlinin “casus olduğunu” niyə aylardır gizli saxlayıb?

Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli üç ay əvvəl sevgilisi ilə görüşmək üçün İrana getmiş və burada müəmmalı şəkildə itkin düşmüşdü. Uzun müddət tələbədən xəbər almaq mümkün olmadı. Dünən isə bəlli oldu ki, molla rejimi Fəridi “casusluqda” ittiham edərək, həbsə atıb.

Qeyd edək ki, bu haqda Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlama verib. Onun sözlərinə görə, ona oğlunun casusluqda ittiham edilməsini Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran rəsmilərinə istinadən məlumat verib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".

“Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Pezident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun", - deyə Dilarə Əsgərova əlavə edib.

İran heyranlığı altında zombiləşən, gözləri kor olan, qulaqları kar olan, “kərimə dövləti” illuziyası uğrunda doğulub-böyüdüyü vətənin haqqını tapdayan, dövlətə xəyanət edən varlıqların təəssübünü çəkdiyi mollakratiyanın bir ailəyə zülmünü gözməməzliyə vurmaq ən azı vicdansızlıqdır. Əslində, bu tipli başıboşlardan başqa hərəkət gözləmək də olmazdı. Onların vicdansızlığı İran tərəfinin həyasızlığından qaynaqlanır. Niyə məhz həyasızlıq?

Qeyd etdiyimiz kimi, fevralın 20-də Fərid Səfərli universitetdə təcrübə keçən həkim sevgilisinə baş çəkmək üçün Tehrana gedib. Səfərli nəzərdə tutulan tarixdə - martın 5-də Almaniyaya qayıtmayıb. Martın 4-dən Fəridlə telefon əlaqəsi tamamilə kəsilib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Fərid Səfərli barədə məlumat daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

XİN-dən bildirilib ki, çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunduğunu və ona qarşı cinayət işi başladıldığını açıqlayıb.

Fərid Səfərlinin həbs olunmasının niyə məhz indiki məqama təsadüf etməsinə gəlincə, şübhəsiz, səbəb siyasidir. Məlum olduğu kimi, Ermənistana edilən təzyiqlər nəticəsində rəsmi İrəvan sülh prosesindən qaçmağa və yaxasını kənara çəkməyə fürsət tapa bilmir. Təzyiq ABŞ tərəfindən edilir. Görünür, 3 ay əvvəl Tehran Azərbaycanın uğursuzluğuna və İrəvanın sülh prosesindən sürüşüb-çıxacağına ümidli imiş. İndi isə “bıçaq boğaza dirənib”. Tehranla Parisin böğazına. Bu versiyanı sübut edən, İrəvanın sülhdən sürüşməsinə ümid bəsləyən fars rejiminin gəlişmələrdən duyduğu məyusluğu özünü, “Ermənistan Qarabağdan əlini üzür: bundan sonra nə olacaq?” başlıqlı yazıda biruzə verir:

“Qarabağı hansı aqibət gözləyir? Çətin ki, Yerevanda danışılan etnik təmizləmə və ya partizan müharibəsi Bakını qorxuda bilsin.

Ermənistanla Rusiya arasında ən vacib müzakirə mövzusu Qarabağ məsələsi olduğundan, Moskva ilə münasibətlərə də yenidən baxılmalıdır. Ermənilərin bir çoxu üçün Kreml ehtiyac anında onlardan üz döndərən etibarsız müttəfiqdir.

Məsələnin dönüş nöqtəsi, Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədə baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, Ermənistan ərazi ambisiyalarını Sovet İttifaqının sərhədləri ilə məhdudlaşdırmaq şərti ilə sülhə nail olacaq. Başqa sözlə, dəfələrlə uğrunda Azərbaycanla vuruşduğu Qarabağ bölgəsindən imtina etməlidir.

Bu sözlərdən bir neçə gün sonra Azərbaycan Ermənistanla qondarma “DQR” arasında “həyat yolu” deyilən Laçın dəhlizində nəzarət postu yaradıb..."

Digər bir məqam. Azərbaycan XİN-in 3 ay əvvəl İran səfirliyinə nota ünvanlamasına baxmayaraq, Tehran özünü “yuxuluğa vurmuşdu”. Sanki törətdiyi həngamədən xəbəri olmayıb. Bir ailənin çəkdiyi zülmə biganə qalıb. Halbuki, Fərid Səfərlini həbs etdiyini çoxdan açıqlaya bilərdi. Amma Tehranın gözləntisi var idi və azərbaycanlı tələbəni əsassız yerə həbs etdiyini ümidlərinin puç olduğu anda açıqladı. 

Təbii ki, molla rejiminin  bu kimi yaramaz əməllərinə Azərbaycan dövlətinin cavabı da özünü çox gözlədə bilməzdi. Odur ki, bu gün haqlı olaraq Bakıdakı İran Mədəniyyət Mərkəzi bağlandı və mərkəzin rəhbəri ölkəmizdən qovuldu. Əslində, bu mərkəz çoxdan bağlanmalı idi. Kimsəyə sirr deyildi ki, bura İran Mədəniyyət Mərkəzi kimi yox, “İran Casusluq Mərkəzi” kimi fəaliyyət göstərirdi və mərkəzin rəhbər şəxsləri də illərdir iranlı casus şəbkəsini kooridinasiya edirdi.

Son xəbərlərə görə, İranın Azərbaycandakı keçmiş səfiri ölkəmizin İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasını istəyib. Qərəzli açıqlamaları ilə tanınan keçmiş səfir Mohsen Pakayin Twitter-də paylaşım edərək, Azərbaycan Respublikasını yersiz ittiham edib:

“İsrail Azərbaycan Respublikasının ümumi xam neft ixracının 40%-ni idxal edir. Azərbaycan İsrailə neft sataraq bu rejimi yanacaqla təmin etməklə Təl-Əvivin müharibə mühərrikini Fələstin xalqına qarşı işə salır. Bu ölkə İslam Əməkdaşlıq Təşkilatından çıxarılmalı deyilmi?”

Sözsüz ki, Tehran Azərbaycana zərər vurmaq üçün əlindən gələni edəcək və bu təşəbbüsü keçmiş səfirin dili ilə rəsmi Bakıya cavab qismində irəli sürüb. Amma o da diqqətdən qaçmamalıdır ki, İranın özü illərdir xristian ölkəsi olan Ermənistanla “qucaq-qucağadır”. Elə İƏT-dəki bir sıra ərəb ölkələrinin də İsraillə normal münasibətləri var. Görək, İran əlindəki daha hansı daşı bizim tərəfə fırladacaq...

Stopnarkotik.az