Mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərin məhkəməsi başlayır

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və Hüseynov Vüsal Vidadi oğlunun məhkəmələri başlayır.

İstintaqı tamamlanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumatda Vidadi Hüseynovun Məhəbbət Abdullayev və digərləri ilə əlbir olaraq işə gəlməyən çoxsaylı işçinin əməkhaqqı kartlarını özündə saxladığı və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməkdə şübhəli bilindiyi qeyd olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə M.Abdullayev və V.Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.

Daha sonra M.Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib./"report"