Bir neçə gün öncə Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi müzakirələrə səbəb oldu.
Belə ki, 7 yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Hadisədən sonra sosial şəbəkələrdə gedən qızğın müzakirələrdə o yaşda uşağın sambo ilə məşğul olmasının düzgün olmadığı da səsləndirildi.
Bəs görəsən, bu cür idman növlərində yaş önəmlidirmi?
Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış idmançı Kamil Zeynallı bu fikrin yanlış olduğunu bildirib:
“Günlərdir gedən müzakirələrdə bəziləri deyir ki, 7 yaşlı uşağı sambo ilə məşğul olmağı düzgün deyil, o yaşda uşaq bu idman növünə gedə bilməz və s. Bu, tamamilə yanlış fikirdir. Niyə olmaz ki? 7 yaşında uşaq cüdoya, yaxud başqa idman növlərindən məşqə gedəndə 15 yaşlı uşaqlarla məşq etmir ki, o, öz yaşıdları ilə bunu edir. Hamısının da gücü, boyu eyni olur. Burada qadağan edilməli heç nə yoxdur. 7 yaşlı uşaq samboya da, cüdoya da, karateyə də gedə bilər. Mənim oğlum olsaydı, onu 5 yaşından idmana qoyardım, 7 yaş belə gec olardı deyə düşünürəm.
Amma bu zaman valideynlər də çox diqqətli olmalı, məsələyə həssas yanaşmalıdırlar. Onlar doğru məşqçi, doğru idman zalı, düzgün ünvan seçməlidirlər. İdmanın növündən asılı olmayaraq, azyaşlıların idmanla məşğul olmağı onlar üçün faydalıdır. Hər valideynin də fikri eyni olmur, bəzisi övladını cüdoya, karateyə qoyur, bəzisi yüngül atletika ilə məşğul olmasını istəyir. Əsas olan odur ki, valideyn övladını idmana yönəldir. Yaş isə fərq etməz, əsas odur seçimi düzgün edəsən”.
K.Zeynallı qeyd edib ki, bu cür hadisələrə görə valideynlərin qorxaraq uşaqları idmandan çəkindirməsi doğru yanaşma deyil:
“Mən bir idmançı kimi düşünürəm ki, idman zallarına kameralar quraşdırılsa, yaxşı olar. Necə ki, bəzi bağçalarda və məktəblərdə dərsin gedişatını valideyn onlayn şəkildə izləyə bilir, həmçinin idman prosesini də izləyə bilməlidir. Ən gözəli budur. Hər şeyin çarəsi var.
Bu cür bədbəxt hadisədən qorxub uşaqları idmandan yayındırmaq məncə, ağılsızlıqdır. Hamını eyni tutmaq olmaz”.