Əməkdar rəssama qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi

Bakıda dələduzluqda təqsirli bilinən Ələddin Atakişiyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin Atakişiyevin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.  
İttihama görə, əməkdar rəssam Yelena Haqverdiyeva dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.  
Yelena Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ələddin Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.  

Ələddin Atakişiyev eyni əməli daha 6 nəfərə (İdris Əliyev, Qasım Dadaşov, Rüfət Muradov, Çingiz Adıgözəlov, Rafiq Orucov və Kərim Cəfərov) qarşı törədib.  

Qeyd: 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Yelena Haqverdiyeva 2018-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.  

İstintaq orqanı tərəfindən Ələddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib./pravda.az