Məhkəmə "Rufo Gəncinski"nin adından pul tələb edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində özünü kriminal aləmdə "Rufo Gəncinski” kimi tanınan Ülfat Tağıyevin bibisi oğlu kimi təqdim edib, Bakıda köşkə basqın edib, satıcını hədələyərək, pul tələb edən Mehdi Abbaszadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: 2000-ci il ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş Mehdi Abbaszadə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Üzrə Ticarət Birliyinə məxsus 10-dan artıq köşkə hücum edib və quldurluq yolu ilə pulları talaması məlum olub.

2022-ci ilin dekabr ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə saxlanılıb. Onun törətdiyi cinayət əməlləri ilə bağlı istintaq işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə verilən ifadələr zamanı Mehdi Abbaszadə zərərçəkmiş şəxslərin bəzilərinə Gəncədən gəldiyini, "Rufo Gəncinski”nin xalası oğlu olduğunu da deyib.

O, cinayəti isə belə törədirmiş. Əvvəlcə, köşk sahiblərinin kimliyini müəyyənləşdirir, əlaqə nömrəsini ələ keçirdikdən sonra, zəng edib, onlara "böyük səhv” etdiyini deyirmiş. Bunun müqabilində köşk müdirlərindən pul tələb edib və vermədikdə dava salıb, köşkün avadanlıqlarını və digər məhsulların dağıdırmış. Bəzi köşk satıcılarını da hədələyib, pullarını götürərək ərazini tərk edirmiş.

Məhkəmənin hökmü ilə Mehdi Abbaszadə Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib./pravda.az